Modern.az

Qazandığın puldur, yoxsa günah?..

Qazandığın puldur, yoxsa günah?..

Ölkə

16 Yanvar 2013, 14:36

Bu suala cavab bir çox problemlərimizin açarı ola bilər...

Daha bir yeni təqvim ilinə qədəm qoyduq. Amma köhnə əməllərimizi tərgitmədik... İnformasiya məkanını izlədikdə ilk baxışdan əksəriyyətin vətənimizin, dünyamızın xoşbəxtliyi naminə çalışdığı görünür. Biriləri deyir ki, bu hakimiyyət ölkəni uçuruma aparır, bizim namizəd bu seçkilərdə qalib gəlsə,  hamı süd gölündə üzəcək, Qarabağı işğaldan azad edəcəyik... O birilər deyir, bunlara inanmayın, satqındırlar, ermənilərlə əlbirdirlər, Azərbaycanın inkişafını gözləri götürmür, biz xalqımız, ölkəmiz üçün əlimizdən gələni edirik... Amma əslində əksəriyyət ilk növbədə şəxsi, qrup, tayfa mənafeyi  üçün çalışır... Belə olmasaydı, çox işlər çoxdan düzələrdi...  

 Səhər yeməyini  yeyib evdən çıxmağa hazırlaşarkən hər kəs hansı yolla daha çox qazanc əldə edəcəyi barədə düşünür.
Korrupsioner nazir: “Görəsən, bu gün dövlətin pul ayırdığı  hansı layihəyə əl gəzdirim ki, Çexiyada təzə aldığım otelin pulunu çıxardım?..”
İcra başçısı: “Hansı iş adamını sıxışdırım ki, prezidentin rayonun abadlığı  üçün ayırdığı puldan  bir az da cibimə qoyum”...
Təhsil Şöbəsinin müdiri: “Bu gün inspektorları hansı məktəbə yollayım ki, başçıya və nazirə verdiyim pulun əvəzini çıxım”...
Rüşvətxor baş həkim: “Hansı cərrahla dünənki əməliyyatları haqq-hesab edim ki, tikdirdiyim aptekin daş pulunu ödəyim”...
Dələduz korpus komandiri: “Dünən döyülmüş əsgərə görə hansı zabiti həbslə hədələyim ki, Göygöldəki villamın yoluna asfalt tökdürsün”. Özünü xalqa müxalifətçi, demokrat kimi sırıyan partiya lideri, QHT rəhbəri, yaxud hüquq müdafiəçisi: ”Bu ay hansı etiraz şoularını təşkil etsəm, nə cür müsahibə versəm, “Soros” qrantlarımı artırar?..” 
Reket qəzet redaktoru: “Hansı deputatın,  nazirin, icra başçısının və s. fırıldaqları haqqında fakt toplayım ki, uşağın illik  təhsil haqqını düzəldim”...
Müəllim: “Hansı uşağın qulağını çəkim ki, fond pulunu gətirsin,  direktordan bu ay da canım qurtarsın, 5-10 manat da özümə qalsın”... Mənzil makleri: “Hansı müştərinin və necə qulağını kəsim ki, oğlumun toy pulunu çıxardım”...
Meyvə-tərəvəz satıcısı: “İran kartofunu Gədəbəy kartofu əvəzinə müştərilərə nə təhər sırıyım ki, icarə haqqını ödəyim”... Və s. və i.a.

Bəs görəsən, məmləkətdə, yaxud dünyada neçə adam fikirləşir ki, necə edim, bu gün halallıqla bircə çörəyin pulunu qazanım, təki haramdan uzaq olum, günah qazanmayım... Yəqin ki, çox az... Bunu düşünən çox olsaydı, çox problemlərimiz həll olar, bəşəriyyət bu qədər müharibə, terror, faciə, qəza, təbii və texnogen fəlakətlər girdabında çabalamazdı... Nə yazıqlar ki, əksəriyyətimiz evdən çıxarkən qazanacağımızın yalnız məbləğini düşünürük, halal-haramlığı bizi o qədər də ilgiləndirmir... Hansı valideyn övladına deyir ki, bala, pul qazan, ancaq günah qazanma?.. Çoxları övladının rüşvətdən, narkotikdən, qumardan, sələmdən qazandığını bilə-bilə onun tikdirdiyi evdən, aldığı maşından fəxrlə danışır...

Çoxumuz hələ də halalı haramdan ayırmağın nə qədər vacib olduğunu dərk etmirik. Və insanlar sanki günah etməkdə yarışa girişiblər.. .”Onların bir çoxunu günah işləməyə,  düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!”(Qurani-Kərim, əl-Maidə  surəsi, 62-ci ayə)

Pul qazanmaq üçün etdiyimiz gündəlik əməllərin  o biri üzünü qəlb gözümüzlə görə bilsək, anlarıq ki, əldə etdiyimiz pullarla bərabər nə qədər də günahlar qazanırıq. Yəni əslində  əyri, haram yollarla qazandığımız  pul yox, günahdı... İmanı, vicdanı satıb əvəzində günah qazanırıq... Xırda ticarətçidən tutmuş dövlət rəhbərlərinə qədər yüz milyonlarla günah alverçisi var... Rüşvətxor nazirin, başçının-filanın günahları bəllidir... Ancaq adi vətəndaşlar da xeyli günahlar edir. Məsələn, pal-paltar satan düşünür ki, istidə-soyuqda saatlarla ayaq üstə dayanıb əziyyətlə halal pul qazanıram... Amma  geyimləri reklam etmək üçün onların emblemləri üzərindəki yarıçılpaq qız-qadın şəkilləri və zərif cinsin bütün bədən quruluşunu əks etdirən manekenlər... Bunlar dinimizə, milli əxlaqımıza uyğundurmu? Həmin paltar alverçisi bunları görən yeniyetmə və gənclərin şəhvət hisslərini oyadaraq onları günaha vadar etməklə özünün də nə qədər günaha batdığını hesaba almır.  Bundan əlavə, malın keyfiyyətsiz olduğunu bilə-bilə onu müştəriyə sırıyan, ölçüdə, çəkidə, qiymətdə və s. kələk gələn nə qədər satıcı var...  Dükan və marketlərin əksəriyyəti sələmə, kreditə götürülmüş pullarla, yaxud, əksinə, faizdən əldə edilən gəlirlə istifadəyə verilir ki, bunlar da ən böyük günahlardandır... Biri xırda bir dükan açır, kolbasa, sosiska, araq, konyak, pivə satır ... Və hesab edir ki, əziyyət çəkib halal pul qazanır... Düşünün, görün, paytaxtımızda, şəhər, rayon, qəsəbə və kəndlərimizdə nə qədər haram kolbasa, spirtli içki satılan dükanlar, supermarketlər var... Onları istehsal edən də, satdıran da, satan da, alan da, bağışlayan da, içən də, yeyən də  hamısı günah içindədir... Yaradanın səbri nə qədər böyükdür?.. Bu minvalla bizim həyatdan, dünyadan şikayətlənməyə haqqımız varmı?..

Bəziləri düşünür ki, əşşi, bəs filan dövlət başçısı, filan nazir, filan rəis, hakim və s. nə qədər zülm edir, rüşvət alır, bəs Allah onları niyə cəzalandırmır... Və belə sual verənlər bu məntiqlə, daha doğrusu, məntiqsizliklə, “başlarını aşağı salıb” haram işlərinə davam edərək günahlarını daha da artırırlar. Belələri anlamır ki, əvvəla, Rəbbimiz Quranda  buyurduğu kimi,  günahkarların hamısını cəzalandırsaydı, yer üzündə insan qalmazdı(Qurani-kərim, Nəhl, 61)... Cəzaların çox hissəsi Axirətə saxlanılır... İkincisi, O, gözümüzün qabağında ibrət almağımız üçün neçə günahkarı cəzalandırır; birinin  cavan oğlu, yaxud qızı ölür, birinin nə qədər pulu olsa da övladını elə bir xəstəliyə mübtəla edir ki, əlacı olmur, o  birinin özü qəzada çox ağır vəziyyətdə həyatını itirir, başqa birinin bahalı maşını  küçədə getdiyi yerdə yanıb külə dönür və s. və i.a. Eləcə də Allah-təala bir qrup zülmkarı başqa zülmkarlara hakim edib onların əli ilə digərlərini cəzalandırır(əl-Ənam, 129)... Məsələn, Səddam, Qəddafi kimi diktatorları Amerika, Avropa diktatorlarının əliylə cəzalandırır, korrupsioner dövlət başçısının dili ilə korrupsioner nazirin həbsinə əmr verdirir, bir kələkbaz  vəzifəyə qoydurmaq, deputat seçdirmək vədi ilə digər kələkbazın külli miqdarda pulunu əlindən alır, sonra biri xaricə qaçır, biri ev dustağı olur, o biri zəhərlənib öldürülür... Dübarə, elə düşünmək olmaz ki, həmin “qalib” hesab edilən zülmkar diktatorlar, yaxud kələkbazlar cəzalandırılmayacaq. Yaradan onları biz, insanların hamımızın imtahan olunmağımız üçün müvəqqəti salamat saxlayır. Həmin tiranlar, korrupsionerlər olmasa, bəndələr üçün sınaq, imtahan şəraiti yaranmaz... Həm də   öz törətdiyimiz günahlar və digərlərinin, o cümlədən zülmkarların  bəd əməllərinə göz yummağımız da diktatura rejimlərinin ömrünü uzadır... Tanrımız Qurani-kərimdə bəyan edir ki, “...biz hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də Axirətdə əzablarını artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, ancaq bunun fərqinə varmazlar(əl-Ənam, 123)... Digər bir ayədə isə Yaradan zülmkarların mütləq cəzalandırılacağını vurğulayır:”Küfr edənlər(zalımlar, günahkarlar) onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!” (Ali İmran, 178)

Bəs bu günah bataqlığında möminlər, iman sahibləri nə etməlidir? Onlar öz missiyalarını gözəl bilirlər. Allah onları bir nur daşıyıcıları kimi bu bataqlıqdan çıxaracaq. Və günahkarlara da onların vasitəsilə nicat yolu göstərir...

”...İnsanlar arasında gəzmək üçün özlərinə bir nur(islam dini, iman nuru) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?”(əl-Ənam, 122)

Rəbbimiz Kitabında haqqı da, batili də, halalı da, haramı da açıq-aydın göstərib. Seçim bəndənindir. Ya haram işlərə  davam edərək daha çox günah qazanacaq, ya da tövbə edərək halallıqla yaşamağa çalışacaqdır. Peyğəmbərimiz(s) hədislərində buyurur ki,  daim halal qazanca, halal yaşamağa can atmaq – Allah yolunda cihadın növlərindən biridir...

Ölkəyə, xalqa rəhbərlik etməyə məsul edilmiş dövlətin də borcu insanlara halal yolla qazanc əldə etməyə şərait yaratmaqdır. Ancaq təəssüf ki, bir çox hallarda dövlət idarəçiləri vətəndaşları haram yola daha çox sürükləyirlər. Məsələn, dövlətin imkanı ola-ola hökumətin maaşları, pensiyaları artırmaması, təbii ki, müəllimləri, həkimləri, polisləri, hərbçiləri və digər peşə sahiblərini harama, rüşvətə sürükləyəcək... Və əgər ən yüksək vəzifə sahibləri öz tabeliyində olanlardan haqq tələb edəcəklərsə, sözsüz ki, bir neçə xırda məmuru həbs etməklə korrupsiyanın kökü kəsilməyəcək... Nəticədə isə bütün ölkə haram qazanca qurşanacaq...

Bu fani dünyanın ibrət tabloları  gözümüzün qarşısındadır... Sadəcə,  nəticə çıxarmaq və şəxsi əməllərimizə nəzarət etmək lazımdır. Hər birimizin gecə yuxuya gedərkən özünə bu sualı verməsi də çətin deyil: ”Bu gün qazandığın pul idi, yoxsa günah?..”  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı