Modern.az

Əlvida Məcid müəllim! - NEKROLOQ

Əlvida Məcid müəllim! - NEKROLOQ

Ölkə

29 Mart 2013, 11:35


Müəllim özünün obrazını sinifdə, auditoriyada, tələbələri ilə təmasda yaradır. Zaman keçdikcə bu obraz kamilləşir, yaddaşlara köçür, həkk olunur. Belə müəllimlərin əziz xatirəsi heç vaxt unudulmur, xatırlanır. Məcid müəllim kimi. Məcid Bağırovu  tanıyanlar yaxşı xatırlayırlar ki, o, hər dəfə auditoriyaya girəndə özünün nurlu çöhrəsi, səliqə-səhmanı, ağır yerişi ilə tələbələrin diqqətini cəlb edərdi. Danışığının ahəngdar və tələbkar tonu, kəlmələrinin qətiyyəti onun nitqinə xüsusi bəlağət və cazibədarlıq gətirərdi. Azərbaycan Universitetinin prorektoru Bağırov Məcid Heydər oğlu 10 mart 2013-cü ildə ömrünün 69-cu ilində dünyasını dəyişdi.

Bağırov Məcid Heydər oğlu 1944-cü ildə Gədəbəy rayonunun Əli-İsmayıl kəndində  anadan olub. 1961-ci ildə Gədəbəy rayonu Əli-İsmayıl kənd orta məktəbini bitirib, 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizika-riyaziyyat” fakültəsinə  daxil olub və 1967-ci ildə ali təhsilini başa vurub.

1967-1970-ci illərdə Salyan rayonunun Neftçala şəhərində internat məktəbdə fizika - riyaziyyat və 1970-1971-ci illərdə Bakıdakı 29 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işləyib.

1971-1986-ci illərdə  Azərbaycan Dövlət Neft Akademiyasında “Ali riyaziyyat ” kafedrasında  baş laborant, assistent, baş müəllim, 1986-2006-cı illərdə “Tətbiqi riyaziyyat” kafedrasında dosent və kafedra müdiri vəzifələrində işləyib. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dosent və dekan müavini vəzifələrində çalışıb.

Dosent Məcid Bağırov iqtisadiyyat sahəsində fəlsəfə doktoru kimi 35-dən çox elmi, metodiki və ali məktəblər üçün dərs vəsaitlərinin müəllifi olub.

Məcid müəllim 2007/2008-ci dərs ilindən ömrünün sonuna kimi Azərbaycan Universitetində Tədris işləri üzrə Prorektor vəzifəsində çalışıb. İşlədiyi müddətdə tədris prosesinin idarə olunmasında müasir üsullardan istifadə edib, auditoriya məşğələlərini və semestr imtahanlarını İKT ilə həyata keçirilməsini təşkil edib.

Məcid müəllim öz nurlu sifəti, nəzakətli danışığı ilə kollektiv üzvlərinin və tələbələrin dərin hörmətini qazanıb. Sözün əsl mənasıda saf insan idi. Hamıya xeyirxahlıq etməyi çox sevirdi. Onu çoxlarından fərqləndirən cəhətlərdən biri həmsöhbətlərini, tabeliyində olan işçiləri və tələbələri səbrlə, diqqətlə dinləmək qabiliyyəti idi. Məcid Bağırov halallığı, düzlüyü, xeyirxahlığı, mənəvi saflığı həyatının mənası hesab edərdi. O insanlara qarşı həmişə ədalətli olmağa çalışardı, heç kimdən köməyini əsirgəməzdi. Başqalarının səhv işini görəndə əsəbləşdiyi vaxtlar da olub, amma heç vaxt insanların qəlbinə toxunan hərəkətə yol verməzdi. Şübhəsiz ki, onun səmimi, qayğıkeş, təvazökar, xeyirxah insan, ciddi, bacarıqlı rəhbər işçi kimi formalaşmasında aldığı tərbiyə, keçdiyi həyat yolu böyük rol oynayıb. Məcid müəllim həm də mehriban ailə başçısı olub. Onun  üç övladı var. Tanrı elə bil bu şəxsiyyəti xeyirxahlıq üçün yaradıb. Təəssüf ki, aramızdan tez getdi.  Vaxtsız ölüm səmimi bir insanı, ləyaqətli alimi bizdən ayırdı. Məcid müəllimin işıqlı xatirəsi iş yoldaşları və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət etsin!

Rəhmdil Allah böyük kədər içərisində olan Bağırovlar ailəsinə və Məcid müəllimin saysız-hesabsız tələbələrinə səbr versin.

Ə l v i d a !

Əziz yoldaşımız, dostumuz, həmkarımız, gözəl insan, qayğıkeş ata və ləyaqətli müəllim!

ALLAH RƏHMƏT ETSİN !

Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov,
AMEA-nın müxbir üzvü Akif Musayev və Universitetin professor- müəllim heyəti

Həmkarlar İttifaqı Komitəsinin sədri F.H.Məhərrəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı