Modern.az

Başçı necə olmalıdır?..

Başçı necə olmalıdır?..

Ülke

4 İyun 2013, 13:48

“Mən öz ümmətim üçün yolunu azmış rəhbərlərdən qorxuram...”
Məhəmməd Peyğəmbər(s)

Bu  günlər nələr baş verdiyindən baş açmağın çətin olduğu məmləkətdə başları qatışdıran baş  mövzulardan biri də başçılar mövzusudur.  Ələlxüsus, ölkə başçısının fevralın 12-də harınlamış məmurlar, xüsusən  icra başçıları barədəki sərt çıxışından sonra “başçı” kəlməsinin çayxanalardan tutmuş qəzetlərə, telekanallara, parlamentə və Prezident Administrasiyasına qədər işlənmə tezliyi daha da artıb. Həm də axı payızda ölkəmizə də növbəti dəfə başçı –prezident seçəcəyik(!). Odur ki, artıq sadə vətəndaşlar da başlarını bir az işlədib “başçı kimdir?”, “başçı necə olmalıdır?” sualları ətrafında düşünməyə başlayıblar. İstəkli oxucu, gəl, biz də baş-başa verib, başımızı başlara qoşub başçılar haqqında suallar üstündə bir baş sındıraq...

Prezidentin məlum çıxışından yüz gündən çox vaxt ötdü. Bu müddət ərzində xeyli hadisələr baş verdi. Ölkə başçısı bir neçə bölgə başçısını təzələdi. Onlar da öz növbəsində yerlərdəki icra qurumlarındakı bəzi kadrları təzələdilər. Həmin qurumlar  vətəndaşlarla münasibətdə əvvəlki iş üslublarında bir az demokratik-kosmetik dəyişiklk etdilər. Bəs görəsən, bölgə başçıları ölkə başçısının çıxışından müvafiq nəticə çıxararaq rüşvət əməliyyatlarına, vətəndaşlara qarşı kobudluğa, haqsızlığa və s. son qoyulması üçün də tədbirlər gördülərmi?
Və “başçı kimdir və onunla münasibətlər necə qurulmalıdır” mövzusunda sakinlərin şüurunda bir dəyişiklik oldumu? Bu məsələləri dərindən araşdırmaq üçün hər bölgədə azı  bir həftə yaşayıb həm məmurların, həm də sakinlərin iş və həyat tərzini müşahidə etməlisən. Amma ona şübhə yoxdur ki, qısa bir zamanda yalnız ayrı-ayrı fərdlərin baxışında dəyişikliklər mümkündür...
  

Əksəriyyətin bu dünya ilə yaşadığını nəzərə alıb öncə dünyəvi nöqteyi-nəzərdən suallara cavab tapmağa çalışaq. Düzünü de görüm, başçı deyəndə təsəvvürünə nə gəlir? Səmimi cavab versən, yəqin belə deyəcəksən: ”Uzunluğu azı 10 metr olan kabinetində dəbdəbəli masa arxasında rahat kresloda əyləşmiş, zəhmli, iri başlı, iri gövdəli, əlinin altında 7-8 telefon, çağırış düymələri, qarşısında videomonitor. kompüter olan, səni görəndə heç yerindən də tərpənməyən bahalı kostyumlu, qalstuklu bir varlıq...”.
Təbii ki, sonra gözünün önünə onun əshabələri, qoçuları. sürücüləri,  bahalı avtomobilləri, ardınca rayon mərkəzindəki iri obyektləri,  rayonun ən mənzərəli yerlərindəki villaları, fermaları, meşələri, taxıl zəmiləri, qoyun sürüləri və s. gəlir. Bunları təsəvvüründə canlandırandan sonra qeyri-iradi başın aşağı əyilir, bükülürsən, balacalaşırsan...

Niyə əyilirsən, niyə balacalaşırsan? Məgər başçı səni başından basıb diz çökdürmək üçün  gəlib? Yaxud məgər kiminsə daha çox var-dövlətə sahib olması onun səndən üstünlüyü deməkdirmi?

Başçı başqalarının hüquqlarını tapdamağı yox, qorumağı bacarmalıdır. Bunun üçün özünün də, tabeliyində olan insanların da hüquq və vəzifələrini mükəmməl bilməlidir. Başçı rəhbərlik etdiyi insanların şəxsiyyətini alçaltmamalı, özünü onlardan üstün tutmamalı, hər bir sahədə onlara nümunə olmalıdır. Xülasə, dünyanın bütün “demokratik” adlanan dövlətlərində olduğu kimi, Azərbaycanda da “Dövlət məmurlarının etik davranış qaydaları haqqında” Qanunda göstərilənləri hər bir məmur, o cümlədən  icra başçısı mənimsəməli və həyata keçirməlidir.

Bəs  İslam əqidəsinə, yəni Allah qanunlarına görə dövlətin başçısı və onun bölgələrə təyin etdiyi başçılar necə olmalıdır? Müsəlman hər bir işdə müsəlmanlığa ən layiq şəxsdən nümunə götürməlidir. Hər bir sahədə olduğu kimi, başçılığa da ən mükəmməl nümunə Peyğəmbərimiz Məhəmməd əleyhissəlamdır... Həzrəti Rəsul(s) bu gün də bizə rəhbərlik edir. Dünyanın bütün irqləri arasında Məhəmməd əleyhissəlamı özünə rəhbər seçənlər var. İslam tarixini araşdırsaq, Peyğəmbərimizin(s) nümunəvi dövlət başçısı olmasına saysız-hesabsız misallar taparıq. Rəsulullahda(s) nöqsan axtarsaq da, tapa bilmərik.  Odur ki, hər hansı bir ölkənin və xüsusən müsəlman ölkənin lideri və onun tabeliyindəki əyalət başçıları və ardıcıllıqla digər  məmurlar mütləq Peyğəmbərimizin(s) yolunu tutmalıdır...

Peyğəmbərimiz(s) buyururdu: ”Mən öz ümmətim üçün yolunu azmış rəhbərlərdən qorxuram...”.  Allahın Rəsulu gələcək təhlükələri gözəl hiss edirdi. Bilirdi ki, Şeytan Yaradana vəd etdiyi kimi, insanları Haqq yolundan azdırmaqda davam edəcək, nəticədə öz nəfsinə tabe olan, bir qarın çörəkdən, var-dövlətdən, vəzifədən ötrü hər şeyini, vicdanını, mənliyini, imanını belə, satmağa hazır,  zahirdə müsəlman, əslində isə ikiüzlü, riyakar münafiqlərin sayı artacaq. Nə yazıqlar ki, əksər dövlət başçıları riyakarlığa, simasızlığa, ədalətsizliyə “siyasət” adı qoyaraq ölkələrə başçılıq edəcək, bunun da məntiqi nəticəsi kimi bütövlükdə İslam dünyası tənəzzülə uğrayaraq yəhudi, xaçpərəst və bütpərəstlərin işğalına məruz qalacaq...

Bu günkü “müasir”, “demokratik” adlanan, əslində isə əsl diktatura siyasəti yürüdən hegemon dövlətlər çox hiyləgər, riyakar və amansız bir taktika seçiblər: əvvəlcə müsəlman ölkələrində əsl-nəsəbi bilinməyən, yolunu azmış, dinsiz-imansız, rüşvətxor, zülmkar şəxslərin hakimiyyətə gəlməsinə şərait yaradır, onun və nəslinin uzun illər ölkəsini zülm altında saxlamasına meydan verir, ölkədə zülmkarlıq, rüşvətxorluq son həddə çatanda isə öz agentlərinin və maliyyə gücünün dəstəyi ilə xalq kütlələrini ayağa qaldırıb həmin başçını devirməyə təhrik edir, nəticədə müsəlman ölkəsində vətəndaş müharibəsi baş qaldırır və müsəlmanlar bir-birini aylarla, bəzən illərlə qırır, ölkədə əsrlərdən bəri qalan mədəni abidələr dağıdılır, on illərlə qurulmuş bütün infrastruktur məhv edilir və sonda müsəlman ölkəsi bütünlüklə kafirlərin mədəni, maliyyə, bəzən də hərbi gücünə tabe olmağa məcbur olur...

Son 10-12 ildə islam ölkələrində, xüsusən Əfqanıstan, İraq, Misir, Liviya, Suriyada və s.  yüz minlərlə insanın qətli ilə müşayiət olunan qanlı olayların əsas səbəbi bir yandan şeytanpərəst İslam düşmənlərinin planlarıdırsa, digər yandan nadan və harın başçıların öz xalqına, müsəlmanlara qarşı Allahsız siyasətidir...

Peyğəmbərimiz  digər bir hədisində buyurur: ”Tezliklə sizə elə şahlar hakim olacaqlar ki. Sizə bir cür, özləri üçün isə başqa cür hökm edərlər. Əgər onlara tabe olsanız, sizləri azdırarlar və əgər onlara qarşı itaətsizlik etsəniz, sizi öldürərlər. Allahın itaətində ölmək günah içində yaşamaqdan daha yaxşıdır...

(ardı var)

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı