Özbəkistanın paytaxtı Daşkəntdə dünya anti-böhran proqramlarının effekivliyi və böhrandan sonra hökumətlərin əsas fəaliyyət prioritetlərinin müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans öz işini başa vurub. Özbəkistan hökumətinin təşkil etdiyi konfransda 46 ölkədən 206 nümayəndə iştirak edib. Eyni zamanda, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu maliyyə qurumlarının təmsilçiləri, dünyaca məşhur Universitetlərin nümayəndələri, Amerika, Yaponiya, Rusiyanın tanınmış iqtisadçıları da tədbirə qatılıb. Konfransda Azərbaycanı İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu və Elmlər Akademiyasının İqtisad İnstitutunun heyəti təmsil edib.
Tədbirdə Azərbaycandan yeganə olaraq Q.İbadoğlu məruzə ilə çıxış edib.
Özbəkistan konfransı ilə bağlı açıqlama verən Q.İbadoğlu çıxışının qlobal maliyyə böhranının Azərbaycanda yaratdığı problemlər və onun həlli yollarına həsr olunduğunu bildirib. Onun sözlərinə görə, sözügedən tədbir böhrandan az təsirlənmək üçün hansı modellərin daha uğurlu olması kimi məsələlərə diqqət yetirilməsi baxımından xüsusui əhəmiyyətə malik olub: “Bu tədbir göstərdi ki, maliyyə böhranı demək olar ki, bütün ölkələrə bu və ya digər formada təsir göstərib. Ötən ilin yekunlarına görə dünyanın yalnız səkkiz ölkəsi qlobal maliyyə böhranından az təsirlənib və ili pozitiv nəticələrlə yekunlaşdırıb. Bu ölkələr sırasında Özbəkistanla Azərbaycan da var. Bizim ölkə MDB səviyyəsində ən çox iqtisadi artım nümayiş etdirib – 9,3 faiz. Özbəkistanda isə 8,1 faiz iqtisadi artım qeydə alınıb. Amma Özbəkistanda sənayenin iqtisadi artımı Azərbaycanla müqayisədə yüksək olub”.
Özbəkistanın digər sahələr üzrə göstəricilərinin də pozitiv olduğunu deyən İTM-in rəhbərinin sözlərinə görə, Özbəkistan böhran dövründə ixracatını 2,4 faiz artıra bilib. Eyni zamanda bu ölkənin investisiya qoyuluşları da artıb: “Amma təəssüflər olsun ki, Azərbaycanın xarici ticarət dövriyyəsi 2,5 dəfə aşağı düşüb. Xarici investisiyalar isə böhran dövründə 33,4 faiz azalıb. Mən də öz çıxışımı bu göstəricilərin müqayisəli təhlili əsasında qurmuşdum. Eyni zamanda biz müəyyən tövsiyyələrlə də çıxış etdik. Özbəkistan tərəfini təmsil edənlər bu tövsiyyələrin nəzərə alınacağını bildirdilər”.
Q.İbadoğlu Özbəkistandakı fondlardan biri barədə də maraqlı məlumat verib. Onun sözlərinə görə, 2006-cı ildə yaradılan Rekanstruksiya və İnkişaf Fondunun nizamnamə kapitalı hazırda 5 milyard dollardan çoxdur. Bu fond xüsusən mədən sənayesinə iri investisiyaları həyata keçirir.
Özbəkistan iqtisadiyyatının daha çox şaxələndiyini deyən Q.İbadoğlu bu ölkədə dag-mədən sənayesində istehsalın da kifayət qədər yaxşı təşkil olunduğunu, eyni zamanda ötən il kənd təsərrüfatında da 5 faiz artım olduğunu vurğulayıb.
“Düzdür, iqtisadiyyatı bütövlükdə pozitiv xarakterize etmek mümkün deyil. Misal üçün Özbəkistanın valyuta bazaranında ikili məzənnə siyasəti həyata keçirilir.
Bütövlükdə götürəndə Özbəkistanın maliyyə böhranından az təsirlənməsinin əsas səbəbini iqtisadiyyatda dövlət tənzimlənməsinin çox olması ilə izah etmək mümkündür. Eyni zamanda bunu dövlət başçısının özünün islahatlara rəhbərlik etməsi və islahatlar kursunu çox ehtiyatla davam etdirməsi ilə əlaqələndirmək olar” – deyən Q.İbadoğlu Özbəkistanda qiymətlərin də bizdən çox aşağı olduğunu bildirib. Məsələn, bu ölkədə mal ətinin bir kiloqramı 2 manat, qoyun əti isə 3 manatdır. Soğan 20 qəpik, kartof 40 qəpik, pamidor 80, xiyar isə 50 qəpikdir. Digər məhsullar da Azərbaycanla müqayisədə çox ucuzdur.
“Özbəkistan çalışır ki, özünün tələbatını daha çox yerli istehsalın hesabına təmin etsin. Yerli istehsalı stimullaşdıran siyasətə üstünlük verildiyinə görə bu ölkədə qiymətlər stabil saxlanılır. Özbəkistanda vergi qanunvericiliyi də liberallaşdırılır. Məsələn, son on ildə mənfəət vergisini 35 faizdən 9 faizə endiriblər. Əhalinin gəlir vergisini iki dəfə, sosial sığorta ödəmələrini 1,8 dəfə, dividentlərdən ödənişləri isə 1,5 dəfə aşağı salıblar” – deyə, Q.İbadoğlu bildirib.
Özbəkistanın 28 milyon əhalisi olmasına baxmayaraq bu ölkədəki bankların bütəvlükdə sayı 25-ə qədərdir. Amma Azərbaycanda bundan iki dəfə çox bank var.
Q.İbadoğlunun sözlərinə görə, bohran dövründə Özbəkistan banklarında heç bir problem olmayıb: “Böhran başlayanda prezident özü çıxış edərək bildirib ki, əmanətin məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq bütün əmanətləri dövlər sığortalayacaq. Ona görədə də Özbəkistanda böhran dövründə əmanətlərin həcmi 40 faiz artıb”. Modern.az