Forum barədə deyiləcək çox şey var və bu tədbir bir çox baxımdan önəmlidir. İlk növbədə burada dünyanın müxtəlif ölkələrindən olan insanlar bir araya gələrək mühüm bir problemi – müstəmləkəçilik və mənzil məsələsini, eləcə də bu problemin necə ədalətli şəkildə həll olunacağını müzakirə edirlər.
Modern.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” adlı tədbirdə Sent-Vinsent və Qrenadinlər hökümət başçısının müşaviri Byron-Cox Riçard Antoni jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, forumun əsas üstünlüklərindən biri fərqli yanaşmaların bir araya gətirilməsidir:
“Hamımızın ortaq problemi olsa da, fərqli yanaşmalar mövcuddur. Bəziləri məsələyə bir cür, digərləri başqa cür yanaşır. Buna görə də biz bir-birimizdən öyrənə bilərik. Sizin yanaşmanızla mənim yanaşmamı birləşdirərək birlikdə çıxış yolu tapa bilərik”.
Richard Byron-Cox Azərbaycanın belə platformalara ev sahibliyi etməsini də xüsusi vurğulayıb:
“Hesab edirəm ki, Azərbaycan burada liderlik nümayiş etdirir. Çünki bu insanları bir araya gətirən bir ölkə lazım idi. Birlikdə toplaşmağımız yaxşıdır, amma bizi bir araya gətirən tərəf də olmalıdır. Azərbaycan məhz bu rolu oynayır və insanları bir platformada birləşdirir”.
O qeyd edib ki, xüsusilə müstəmləkəçilik yaşamış ölkələrdə mənzil problemi ciddi çağırış olaraq qalır:
“Mənzil problemini həll etmək sadə məsələ deyil. Bunun üçün maliyyə, torpaq, mühəndislər və bütün resursları bir araya gətirəcək koordinasiya lazımdır”.
Ekspert əlavə edib ki, bu problemlər uzun illər formalaşmış “müstəmləkəçilik mirası” ilə bağlıdır:
“Bu problem nə dünən, nə də bu gün yaranıb. Uzun illərdir mövcuddur və onu bir gecənin içində aradan qaldırmaq mümkün deyil. Bunun üçün zaman lazımdır”.