Gənclər müstəmləkəçilik və urbanizasiya ilə bağlı formalaşmış narrativi dəyişdirmək gücünə malikdirlər.
Modern.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” adlı tədbirdə Birləşmiş Millətlər Təşkilatının (BMT) gənc səfir Mariam Abdelsalam bildirib.
O qeyd edib ki, tədbirdə əsas müzakirə mövzusu gənclərin müstəmləkəçilik və urbanizasiya ilə bağlı formalaşmış hekayələri dəyişmək imkanları olub:
“Bu gün burada əsas müzakirə etdiyimiz məsələ gənclərin kolonizasiya və urbanizasiya ətrafında formalaşmış narrativi necə dəyişə bilməsidir. Biz hələ də öz hekayəmizə sahib çıxmaq və kolonizatorların yaratdığı yanaşmaları dəyişmək gücünə malikik”.
Onun sözlərinə görə, gənclər bu prosesdə iki əsas istiqamətdə fəaliyyət göstərə bilərlər:
“Birinci istiqamət maarifləndirmədir. Hər kəs əvvəlcə öz kiçik icmasında məlumatlılığı artırmalıdır. Daha sonra bu fəaliyyət regional və qlobal səviyyəyə çıxarıla bilər. İkinci istiqamət isə birbaşa dəyişiklik yaratmaqdır. Bu yalnız çağırışlar etmək deyil, həm də mənzil böhranı və ədalətsizliklərlə bağlı real təşəbbüslər həyata keçirməkdir”.
M.Abdelsalam həmçinin vurğulayıb ki, beynəlxalq əməkdaşlıq bu problemlərin həlli baxımından vacib rol oynayır:
“Mənzil böhranı və müstəmləkəçiliyin nəticələri bir çox ölkələr üçün ortaq problemdir. Bir çox dövlətlər kolonializm və neokolonializmin təsirlərindən əziyyət çəkir. Hamımız oxşar ağrı və travmaları yaşamışıq. Buna görə də birlikdə müzakirə aparmaq, təcrübələri bölüşmək və həll yollarını öyrənmək vacibdir”.
O əlavə edib ki, Ümumdünya Şəhərsalma Forumu bu baxımdan mühüm platformadır:
“Bu forum yüzlərlə ölkədən, xüsusilə kiçik ada dövlətlərindən olan nümayəndələrin səsini bir araya gətirir. Burada insanlar bir-biri ilə əlaqə qurur, həll yollarını müzakirə edir və mümkün nəticələri qiymətləndirirlər. Belə görüşlərin mütəmadi keçirilməsi çox önəmlidir”, - deyə o qeyd edib.