Modern.az

Azyaşlı övladlarınızı “xəstəliyə” yoluxdurmayın!

Azyaşlı övladlarınızı “xəstəliyə” yoluxdurmayın!

Ölkə

24 Sentyabr 2013, 10:50

İnternet bir çoxlarımızın həyatının ayrılmaz hissəsinə çevrilib. Çünki artıq əksər suallarımızın cavablarını internet vasitəsilə əldə edir,  gündəlik qayğılarımızı onun köməyilə həll edirik. Burada qəbahət axtarmağa elə də lüzum yoxdur. Ancaq məsələ sosial şəbəkələrlə bağlı olanda vəziyyət bir qədər qəlizləşir. 

Qəbul edək ki, çoxlarımız sosial şəbəkələrə üzv olsaq da, ondan səmərəli istifadə edə bilmirik. Hazırda facebook xüsusilə məşhurdur. Evdar qadınlardan tutmuş yüksək vəzifədə çalışanlara qədər demək olar ki, hərənin ən azı bir facebook ünvanı var. Səhəri facebook-la açanların sayı isə böyük sürətlə artmaqdadır. Hər şeyin çoxu zərər verdiyi kimi,  günlərini facebook-da keçirən insanlar da xoşagəlməz hallar yaşamalı olurlar. Təəssüf ki, bir çox ailələrin dağılma, ailədaxili problemlərin yaranma səbəblərindən bir də elə bu facebook-dur. Hətta bir sıra iş yerlərində bu sosial şəbəkədən istifadəyə qadağa da qoyulub. Amma məhəl qoyanlar azdır...


Bunun adı isə “facebook xəstəliyi”dir. Yüzlərlə facebook istifadəçiləri bu “xəstəlikdən”dən uzaqlaşmaqda acizdirlər. “İşim çoxdur”, “heç başımı belə qaşımağa vaxtım yoxdur” deyənlər bütün günlərini sosial şəbəkələrdə keçirmələrinin fərqində belə deyillər. Onlar başqalarının həyatlarını yaşamaqla günlərini hədər yerə keçirmələrini anlamırlar. Çünki bunu anlamaq üçün belə “vaxtları yoxdur”...

Həqiqətdir ki, sosial şəbəkələr həyatımıza  elə daxil olub ki, öz doğmalarımıza da baş çəkmirik. Onlarla bu “soyuq məkan”da görüşürək günbəgün soyuqlaşırıq. Həyatımızda olan bütün yenilikləri (ən xırda, ən lüzumsuzları belə)  sosial şəbəkələrdə paylaşaraq günbəgün süniləşirik...

Sosial şəbəkələrin zərərlərinə toxunmağımın əsas səbəbi isə azyaşlılarla bağlıdır. Son vaxtlar azyaşlıların facebook-a  üzv olmalarının “dəb” halını alması ürəkaçan hal deyil. Valideynin öz övladını sosial şəbəkələrə sürükləməsi qəribədir. Analar öz övladlarına profil yaradır, şəkillərini paylaşır, “bəyəndim” istəyirlər. Nəticədə uşaqlar günlərinin böyük hissəni “virtual dostlar”la keçirirlər. Halbuki  facebook yaradıcıları 13 yaşdan kiçik olan uşaqların bu sosial şəbəkədən istifadəsini qadağan edir. Bəlkə də, nə vaxtsa bu qadağa da aradan qalxacaq. Yəni, maddi gəlirlərini artırmaq məqsədilə azyaşlıların da bundan istifadəsinə icazə veriləcək. Bəs valideynin şəxsi yanaşması?  Övlad tərbiyəsi?

Ana özü sosial şəbəkələrdən “yaxa qurtarmaqda” aciz olduğu halda uşağını da bu “tələ”yə itələməməlidir. Məktəblilərin kifayət qədər tapşırıqları olur. Onların faydalı məşğuliyyətinin olması, biliklərini inkişaf etdirmələri, istedadlarını üzə çıxarmaları üçün istiqamət vermək əvəzinə sosial şəbəkələrdə “bəyəndim” toplamasına şərait yaradırlar. Valideynlərin uşaqlarına bu cür münasibəti heç də bəyəniləsi vəziyyətdən xəbər vermir. Cəmiyyətə faydalı, layiqli övlad yetişdirmək üçün uşaqlarımızı sosial şəbəkələrdən uzaq tutmalıyıq. Yoxsa, siz öz övladlarınızı, onlar da ətrafdakı dostlarını bu “xəstəliyə” yoluxduracaqlar. Nəticəni isə “vaxtınız varsa” özünüz təsəvvür edin...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı