Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda qaya uçqunu baş verib.
Modern.az xəbər verir ki, hadisə intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb.
Belə ki, iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb. Nəticədə yolun müəyyən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, ərazidəki infrastruktura ziyan dəyib. İlkin məlumata görə, uçqun zamanı qaz xətti də sıradan çıxıb.
Hadisədən dərhal sonra əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda qaya parçalarının dağıdılaraq ərazidən təmizlənməsi istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, yolun bir hissəsi artıq nəqliyyat vasitələrinin istifadəsinə verilib, digər hissəsinin açılması üçün tədbirlər görülür. (Naxçıvan xəbərləri)