Modern.az

9-cu sinifdən sonra qızların təhsildən yayınması artır - DEPUTAT

9-cu sinifdən sonra qızların təhsildən yayınması artır - DEPUTAT

Ölkə

Bu gün, 12:27

2025-ci ildə orta məktəb təhsil alan qızlar və oğlanlar arasında olan disbalans var. Yəni qız uşaqları daha az təhsil alır. Statistikaya əsasən, əsasən 9-cu sinifdən sonra 11-ci sinfə keçid dövründə qız uşaqları təhsildən uzaqlaşdırılır. Burada valideynlərin müxtəlif səbəblərlə belə addımlar atdığı görünür. Bu məsələnin ciddi şəkildə nəzərə alınması vacibdir və xüsusilə təhsil, o cümlədən peşə təhsili istiqamətində maarifləndirmə işləri gücləndirilməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, gender bərabərliyi ölkədə sosial siyasətin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlətin humanist mahiyyətinin, cəmiyyətin demokratik düşüncəsinin və inkişaf fəlsəfəsinin mühüm göstəricisidir.

Onun sözlərinə görə, Azərbaycan tarixən qadına böyük dəyər verən, onu ailənin, cəmiyyətin və dövlətin dayağı hesab edən ölkə olub və bunun ən parlaq nümunələrindən biri Azərbaycan Xalq Cümhuriyyətidir.

Elnarə Akimova qeyd edib ki, gender anlayışına yanaşma Azərbaycan dövlətçilik düşüncəsini formalaşdıran ziyalıların prinsiplərinə uyğun olmalıdır.

Deputat çıxışında Əhməd Ağaoğlunun qızlarının təhsili ilə bağlı fikirlərini xatırladaraq bildirib ki, Azərbaycan qadını tarixən ictimai fəallıq və azadlıq uğrunda mübarizədə ön sırada olub.

O vurğulayıb ki, XX əsrin əvvəllərində Azərbaycan mətbuatında qadın azadlığı və gender problemləri geniş şəkildə müzakirə edilirdi:

“Azərbaycan qadını hər zaman Avropa ilə həmahəng ritmdə yaşayıb”.

Elnarə Akimova urbanizasiya proseslərinə də toxunaraq bildirib ki, kəndlə şəhər arasında fərqlərin azaldılması vacibdir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdışla bağlı fikirləri yeni dövrün çağırışıdır.

Onun sözlərinə görə, rayon və kəndlərdə təhsilə diqqət artırılmalı, sosial dəstək gücləndirilməli və gənclərin bölgələrdə işləməsi üçün daha cəlbedici şərait yaradılmalıdır.

Elnarə Akimova əlavə edib ki, gender bərabərliyi siyasəti nəticəsində Azərbaycan qadını dövlət idarəçiliyində, parlamentdə, təhsildə, səhiyyədə, elmdə və sahibkarlıqda fəal iştirak edir.

Deputat vurğulayıb ki, güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, insan hüquqlarına münasibət, qadına verilən dəyər və sosial ədalətlə ölçülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı