Modern.az

Nurəddin Kazımovun elmi irsi GDU-da müzakirə olundu - FOTO

Nurəddin Kazımovun elmi irsi GDU-da müzakirə olundu - FOTO

Ölkə

Bu gün, 14:30

Gəncə Dövlət Universitetində Ümumi pedaqogika kafedrasının təşkilatçılığı ilə “Akademik Nurəddin Mustafa oğlu Kazımov-100” mövzusunda elmi konfrans keçirilib. Konfrans Azərbaycan elminin korifeylərindən biri, pedaqogika elminin inkişafına böyük töhfələr vermiş, Əməkdar elm xadimi, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü Nurədin Mustafa oğlu Kazımovun anadan olmasının 100 illiyinə həsr olunub.

Modern.az xəbər verir ki, elmi konfransdan öncə tədbir iştirakçıları akademik Nurəddin Kazımovun müəllifi olduğu kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Konfransda akademikin ölkə üzrə yetirmələri olan ziyalılar, o cümlədən GDU-nun professor-müəllim heyəti iştirak edib.

Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək bildirib ki, pedaqogika elminin görkəmli nümayəndələrindən biri olan Nurəddin Kazımov ömrünün 65 ilini müəllimliyə, elmə, xalqının maariflənməsinə, cəmiyyətin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Yazdığı bir-birindən dəyərli əsərləri ilə yalnız ölkəmizdə deyil, xaricdə də tanınmışdır. Adı həmişə böyük hörmətlə çəkilən Nurəddin müəllim uzun illər Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Təhsil İnstitutunun) direktoru, ADPU-nun prorektoru, nəhayət 34 il Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının rəhbəri olmuşdur. Prezident təqaüdçüsü, bir sıra  Orden və medallarla təltiv olunmuş, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov şərəfli bir ömür yaşamışdır.

Rektorun baş müşaviri Asif Cavadov bildirib ki, professor Nurəddin Kazımov ömrünü elmə və təhsilin inkişafına həsr etmiş, yetişdirdiyi tələbələr və yazdığı əsərlərlə Azərbaycan pedaqoji fikrində silinməz izlər qoymuşdur.

Konfransda Bakı Elm-Təhsil Mərkəzinin  direktoru, pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov “İki əsrin sönməz məşəli (Akademik Nurəddin Kazımov-100)” adlı məruzə ilə çıxış edib. Professor Nurəddin Kazımovun ömr yolu və elmi fəaliyyəti haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının Təhsil İnstitunun elmi katibi, pedaqogika elmləri doktoru, professor Akif Abbasov “Akademik Nurəddin Kazımov: 100 illiyinin işığında”  mövzusunda çıxış edərək konfransın işinə uğurlar arzulayıb, konfransın əhəmiyyətindən söz açdı.

Azərbaycan Respublikasının Təhsil İnstitunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov “Professor Nurəddin Kazımov irsində Azərbaycan pedaqogika elminin inkişaf istiqamətləri” mövzusunda çıxış edib.

Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor Şahin Tağıyev “Professor Nurəddin Kazımov – tələbkar elmi rəhbər, qayğıkeş ata, alovlu vətənpərvər” mövzusunda çıxış edərək müəllimi, elmi rəhbəri olmuş görkəmli ziyalı Nurəddin Kazımov haqqında xatirələrini bölüşüb. Onun zəngin pedaqoji fəaliyyəti, yüksək mənəvi keyfiyyəti və gənc nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərindən bəhs edib. Professor Şahin Tağıyev bildirib ki, akademik Nurəddin Kazımovun elmi rəhbərliyi ilə yetişən ziyalılar bu gün ölkənin müxtəlif ali təhsil və elm müəssisələrində uğurla fəaliyyət göstərərək Azərbaycan elminin inkişafına mühüm töhfələr verirlər.

Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor, akademik Nurəddin Kazımovun yetirməsi Ləzifə Qasımova çıxış edərək Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi-pedaqoji kadrların yetişməsində akademik N.Kazımovun xidmətlərindən bəhs edib.

Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vidadi Bəşirov “Akademik Nurəddin Kazımovun yaradıcılığında ənənə və müasirlik paradiqması” mövzusunda çıxış edib, alimin elmi və ədəbi irsində milli-mənəvi dəyərlərlə müasir elmi düşüncənin vəhdətindən ətraflı bəhs edib.

Görkəmli alim, professor Nurəddin Kazımovun oğlu Araz Kazımov konfransda çıxış edərək, atasının həyat və elmi fəaliyyətindən bəhs edib, onun xatirəsinə göstərilən diqqət və ehtirama görə GDU rəhbərliyinə və Ümumi pedaqogika kafedrasının müdiri Şahin Tağıyevə dərin minnətdarlığını bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı