Tatarıstan Quzey Türklərinin Milli Oyanışının mərkəzi ola bilər
Tatarıstanın müstəqil bir Türk dövləri olaraq ortaya çıxmasına çox da bir zaman qalmayıb. Artıq tatarlar, əslində əski Hunların, daha sonra bulqarların, xəzərlərin davamçıları olan bu millət heç vaxt əsarətə boyun əyməmişlər. Doğrudur, çar Rusiyası və Sovet Rusiyası bir neçə əsrdir Tatarıstan türklərini əsarət zəncirləri ilə buxovlamağa çalışmışdır. Ancaq tam əminliklə söyləmək istərdim ki, ruslar bütün zorakılıq əməllərinıə baxmayaraq başarsız olmuşlar. Bunu avqustun 30-dan sentyabrın 6-dək Tatarıstanın paytaxtı Kazanda keçirilmiş XII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirakım zamanı da yaxından duydum.
Əlbəttə ki, zahirən bu Konqres Quzey türklərinin milli oyanışına, o cümlədən Tatarıstan türklərinin azadlığına həsr olunmamışdır. Üstəlik, Türkiyədən gələn məruzəçilər tez-tez vurğulayırdılar ki, Tatarıstanı Rusiya Federasiyasının tərkib hissəsi kimi görürlər. Hətta, tatarlar Türkiyə ilə Rusiya arasında dostluq əlaqələrinin qurulmasında bir körpü rolunu oynaya bilər və s. Eyni zamanda, tatar alimləri də Rusiya əsarəti ilə bağlı tək bir kəlmə belə danışmadılar. Tatar alimlərinin əksəriyyəti, özəlliklə Kazan Federal Universitetinin rəhbərləri çıxışlarının əvvəli və sonunda Tatarıstan türkcəsində bir neçə kəlmə danışdılar. Onların əsas danışıqları rus dilində idi. Bu bizim kimi müstəqil Türk dövlətlərinin indiyə qədər qurtula bilmədiyi ümumi bəladır. Bu baxımdan bizlər Tatarıstan türklərini anlamaqda zorluq çəkmirik. Ancaq biz müstəqil olduq və Türk dilini və Türk kimliyini insanlarımızın şüurlarında yenidən formalaşdırmağa başladıq. Bunun eynisinin tatarların da edəcəyinə şübhıə etmirik.
Biz bilirik ki, Tatarıstan da 1990-cı ilin 30 avqustunda müstəqilliyini dünyaya bəyan etmiş, amma Rusiya Federasiyası tərəfindən qəbul görməmişdir. Ancaq bir an olsun belə tatarlar bu istəklərindən geri çəkilməmişlər. Hər halda bəzi tatar alimlərinin (onların adlarını burada çəkməməyimizin səbəbini duyarlı oxucularımızın anlayacağına inanırıq) dinləyicilərin “təkidi” ilə də, məruzələrini Tatarıstan türkcəsində etmələrindən duyduqları sevinc hisslərini də gördük. Tatar bacı-qardaşlarımızın doğma dillərində danışarkən keçirdikləri hissləri bərabər yaşadıq. Halbuki, onların tatar türkcəsindəki çıxışlarını başa düşmək bir o qədər də asan deyildi. Bu ən azı iki əsr bundan öncə vahid türkcənin parçalanmasından sonra başlamış prosesin təzahürləri idi. Çar Rusiyasının ideoloqlarının vaxtilə türk dilini ləhcələrə bölməkdə məqsədi bu gün bir-birimizi anlamaz durumda olmağımızla birbaşa bağlıdır.
Artıq iki əsrdən çoxdur ki, Türk millətinin övladları yalnız coğrafi cəhətdən bir-birlərindən iraq qalmamış, vahid dil və vahid şüur da param-parça edilməyə çalışılmışdır. Türk soyundan olanlar bir-birləri ilə rus, ingilis, ərəb, fars dilində ünsiyyət qurmaq məcburiyyətinə düşürülmüşdür. Hər bir millətin varlığının ilk əlaməti onun dilidir. Əgər bir toplum nəyin bahasına olursa-olsub dilinin varlığını qoruyub saxlamışdırsa, o dildə bir ədəbiyyata sahibdirsə, mədəniyyət örnəkləri varsa, dövlətçilik ənənələrini yaşadırsa, o bir millətdir və gec-tez müstəqilliyinə də qovuşacaqdır.
Mən Konqresdki “Türk fəlsəfəsi: tarix və çağdaşlıq” adlı çıxışımda da bildirdim ki, artıq böyük Türk milləti yeni bir mərhələnin, baş verəcək qlobal dəyişikliklərin astanasındadır. Bu baxımdan, Türk coğrafiyasında yaşayan milli aydınlarımızın üzərinə böyük bir məsuliyyət düşür. Aydınlarımız insanlıq mənasının sinonimi olan türklük şüurunun fəlsəfi əsaslarının formalaşmasında mühüm rol oynamalıdırlar. Artıq şüurlarımızda türklük zehniyyətini formalaşdırıb türk ədəbiyyatı, türk tarixi və türk fəlsəfəsinə dərindən yiyələnməliyik. Dünyaya və özümüzə başqa millətlərin (ingilis, yunan, rus və b.) deyil, ilk növbədə öz gözümüzlə baxmağı, öz ağlımızla dərk etməyi bacarmalıyıq. Dünyanın heç bir nöqtəsində türkün aşağılanmasına yol verməməli, türkün böyüklüyünü və müdrikliyini gənclərə öyrətməliyik.
Tatarlar da öz torpaqlarında müstəqil və azad yaşamaq üçün milli mədəniyyətdən, milli ədəbiyyatdan qidalanmalıdırlar. Rus mədənioyyətindən və ədəbiyyatından deyil...Ancaq bu gün Kazanda, Yar Çallıda tatar-türk dilində ədəbiyyat azdır. Hətta, tatar aydınlarının (Şihabəttin Mərcani, Sədri Maqsud Arsali, Zəki Vəlid Toqan, Sultan Qaliyev, Musa Cərullah Bigiyev, Yusif Akçura və b.) çoxlarının tatar dilində əsərlərini tapmaq mənə qismət olmadı. Tatar dilində yalnız son dövrlərə aid bir neçə kitab tapa bildim.

Bu anlamda Tatarıstan türklərinin ın müəyyən problemləri var. Amma bütün bu problemlərin olmasına baxmayaraq, tatarlar hər gün müstəqilliyə bir addım daha yaxınlaşırlar. Çünki türklər heç bir zaman başqalarının idarəçiliyi altında uzun müddət qalmayıblar. Böyük Türk milləti bir çox hissələrə parçalansa belə, onun hər bir üzvü bütövə qovuşmağa can atməşdır. Bu gün də böyük bir coğrafiyada yaşayan türklərin bir tamda bütşvləşməsi prosesi gedir.
Bunu Rusiyada, ABŞ-da, Avropa Birliyidə yaxşı anlayır. Əslində Türk millətinin bir tama çevrilməsi prosesnin qaçılmaz olduğunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin bizlərdən heç də pis dərk etmir. Məhz o, bunu dərk etdiyi üçündür ki, Rusiya Federasiyasındakı türklərin milli oyanış prosesinin qarşısını zorakılıqla deyil, düşünülmüş tədbirlərlə almaq istəyir. Bunun üçün də Putin bacardıqca antitürk siyasət yürütməkdən yan qaçır. Tək istəyi də nəyin bahasına olursa-olsun Rusiya Federasiyasını qoruyub saxlamaqdır. Bunun üçün də o, “Gömrük İttifaqı”, “Avrasiya İttifaqı” və s. yaratmağa çalışır.
Bizcə, rəsmi Moskva ilk öncə Rusiya Federasiyasının quruluşunda və mahiyyətində dəyişiklik etməlidir ki, daha sonra hansısa Avropa Birliyinə bənzər böyük bir qurum da reallaşsın. Başqa sözlə, Rusiya AB modelini ilk növbədə Federasiya çərçivəsində gerçəkləşdirməlidir. Onsuz da müstəqil bayrağa malik olan Tatarıstan, Yakutiya, Çeçenistan, Dağıstan, eləcə də digər respublikalar və muxtariyyətlər üçün belkə Rusiya Federasiya bir növ Avropa Birliyinə oxşar bir dövlətlər birliyidir. Əgər Avropa Birliyi bir çox sahələrdə ortaq maraqlardan çıxış edirlərsə, AB-dən ərazicə bir neçə dəfə böyük olan Rusiya Federasiyası tərkibindəki respublikalarla yeni dəyərlərlə davranmaq məcburiyyətindədir.
Moskva idarəediciləri özəlliklə, yarımmüstəqil olan respublikaların millətlərinin dillərinə və dinlərinə hörmətlə yanaşmalıdırlar. Məsələn, Tatarıstan da əsas üstün dil rus dili olsa da, tatar dili heç də az əhəmiyyətə malik deyildir. Əksinə, tatar dili hər bir sahədə artıq özünü daha ciddi şəkildə büruzə verir. Kazanda küçələr və meydanlardakı, rəsmi dövlət binalarındakı yazı lövhələri tatar və rus dilindədir. Bütün rəsmi dövlət orqanlarının çalışdığı binalarda Tatarıstan və Rusiya bayraqları yanaşı dalğalanır. Bu mənim ürəyimi ağrıtsa da, düşündüm ki, artıq Rusiya bayrağının tatarlar üçün heç bir önəmi yoxdur. Çünki ona keçici, yaxud da formal bir şey kimi baxırlar. Əsas odur ki, tatarlar milli kimlik, milli dil, milli ədəbiyyat, milli tarix, milli mədəniyyət sahələrində böyük bir yol qət ediblər.
Tatarıstan türkləri, özəlliklə gənc tatarlar-türklər üçün milli özünüdərk üst səviyyədədir. Artıq tatar gəncləri Tatar Milli Hərəkatı ətrafında sıx birləşirlər. Onlar üçün Tatarıstanın bağımsızlığı bir an məsələsidir.