Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimələr dəyişdirilir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Əmək və sosial siyasət komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə tətbiq olunan cərimələr dəyişdirilir.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, belə hallarda inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur. "Az miqdarda" dedikdə isə 20 min manatadək məbləğ başa düşülür.
Təklif edilən dəyişikliyə əsasən, maddədən "az miqdarda" ifadəsi çıxarılır, sanksiyalar yüngülləşdirilir və inzibati məsuliyyətdən azadetmə halı müəyyən edilir.
Belə ki, xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş və Azərbaycanın müvəkkil olunmuş banklarının hesablarına köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər isə 20 faizindən 30 faizinədək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan qərar qəbul edənədək həmin xarici valyuta vəsaitləri ölkəyə qaytarılarsa, şəxs inzibati məsuliyyətdən azad olunacaq.