Modern.az

Şərqdə ilk milli ordudan Zəfər ordusuna uzanan şərəfli yol 

Şərqdə ilk milli ordudan Zəfər ordusuna uzanan şərəfli yol 

Ölkə

Bu gün, 10:33

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Belə ki, hər il iyunun 26-sı ölkənin hərb tarixinin ən əlamətdar günlərindən biri kimi anılır. Bu tarix təkcə peşə bayramı deyil, eləcə də 1918-ci ildə əsası qoyulan milli ordu ənənəsinin, dövlətçilik iradəsinin və müstəqilliyin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması barədə qəbul etdiyi qərar müasir Azərbaycan Ordusunun təməlini qoydu. Məhz bu səbəbdən 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə iyunun 26-sı Silahlı Qüvvələr Günü elan edildi.

Azərbaycan tarixində ilk hərbi parad 1918-ci il sentyabrın 16-da Bakıda keçirildi. Bir gün əvvəl Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Bakını erməni-bolşevik qüvvələrindən azad etmişdi. Qələbədən dərhal sonra təşkil olunan parad təkcə hərbi yürüş deyildi. Bu, eyni zamanda azad edilmiş Bakıda yeni dövlətin gücünü və xalqın gələcəyə inamını nümayiş etdirən tarixi hadisə idi. Parad indiki Bakı Dövlət Universitetinin yerləşdiyi, o dövrdə “Qırmızı Qışla” adlanan ərazidən başlayaraq Biləcəri istiqamətində davam etmiş, yürüşdə türk əsgərləri ilə yanaşı azərbaycanlı hərbçilər də iştirak etmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi parad ənənəsi davam etdirildi. 1919-cu il aprelin 5-də Bakının mərkəzində keçirilən növbəti parad milli ordunun gücünü nümayiş etdirən mühüm hadisələrdən biri oldu. Arxiv materialları göstərir ki, həmin gün minlərlə Bakı sakini küçələrə çıxaraq Azərbaycan əsgərlərini böyük coşğu və sevgi ilə qarşılayıb. Dövrün tanınmış şairəsi Xədicə xanımın “Xoş o anaya ki, əsgər olmuş övladı…” misrası ilə başlayan şeiri də həmin dövrdə milli orduya bəslənən böyük rəğbətin ifadəsinə çevrilmişdi.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov bildirib ki, bu gün 26 İyun əvvəlki illərlə müqayisədə tamam başqa məna ehtiva edir. Onun sözlərinə görə, artıq bu tarix yalnız 1918-ci ildə yaradılan milli ordunun ildönümü deyil, eləcə də Şərqdə ilk demokratik respublikanın qurduğu ordunun, Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycan əsgərinin, torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin və ölkənin hərbi qüdrətinin rəmzidir.

"Bir əsrdən artıq yol qət edən Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri kimi dövlətin təhlükəsizliyinin, müstəqilliyinin və xalqın sabahına olan inamının əsas təminatçısıdır.

Tarix boyu hər bir dövlətin qüdrəti ilk növbədə onun ordusunun gücü ilə ölçülüb. Müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın təhlükəsizliyinin təmin edilməsi güclü ordunun mövcudluğundan asılıdır. Azərbaycan xalqının yaratdığı dövlətçilik ənənələrinin mühüm sütunlarından biri olan Azərbaycan Ordusu 108 illik şərəfli inkişaf yolu keçərək bu gün regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbi bayram deyil, həm də Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və qəhrəmanlıq ruhunun təntənəsidir".

Deputat xatırladıb ki, Azərbaycan Ordusunun yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə təsadüf edir:

"1918-ci il iyunun 26-da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə Müsəlman Korpusu "Əlahiddə Azərbaycan Korpusu" adlandırıldı və bununla da milli ordunun formalaşdırılmasının əsası qoyuldu. Yeni yaradılmış dövlət mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən erməni silahlı dəstələrinin hücumları, digər tərəfdən xarici müdaxilələr gənc respublikanın mövcudluğunu təhlükə altına salırdı. Belə bir zamanda milli ordunun yaradılması dövlət müstəqilliyinin qorunması üçün həyati zərurət idi. Azərbaycan hökuməti qısa müddətdə səfərbərlik tədbirləri həyata keçirdi, minlərlə gənc könüllü olaraq ordu sıralarına yazıldı. Qafqaz İslam Ordusu ilə birgə fəaliyyət nəticəsində milli hərbi qüvvələrin sayı sürətlə artırıldı. Azərbaycan əsgərləri Bakının azad edilməsində, Qarabağda və ölkənin digər bölgələrində dövlət hakimiyyətinin bərpasında mühüm rol oynadılar".

O həmçinin vurğulayıb ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə milli ordu fəaliyyətini dayandırsa da, xalqın yaddaşında müstəqil dövlətçilik və milli hərb ənənələri yaşamaqda davam edib:

"Sovet hakimiyyəti illərində azərbaycanlıların hərbi sahədə yüksəlməsi müxtəlif maneələrlə üzləşirdi. Azərbaycan gənclərinin yüksək hərbi məktəblərə qəbulunda məhdudiyyətlər mövcud idi və milli zabit korpusunun formalaşdırılması arzuolunan səviyyədə deyildi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsi bu sahədə köklü dəyişikliklərə səbəb oldu. O, uzaqgörənliklə bilirdi ki, gələcəkdə Azərbaycanın milli hərbi kadr potensialına ehtiyacı olacaq. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanın hərb tarixində dönüş nöqtəsinə çevrildi. Sonrakı illərdə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərinə göndərilməsi gələcək milli zabit korpusunun formalaşmasına mühüm töhfə verdi. Məhz həmin dövrdə yetişən hərbi kadrlar sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas dayaqlarına çevrildilər".

V.Qafarov onu da əlavə edib ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ağır sınaqlarla üzləşib:

"Ermənistanın hərbi təcavüzü genişlənir, ölkə daxilində siyasi böhran dərinləşirdi. Ayrı-ayrı silahlı dəstələrin mövcudluğu vahid komandanlıq sisteminin formalaşmasına mane olurdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə dövlətçiliyin xilası və nizami ordunun yaradılması istiqamətində qətiyyətli addımlar atdı. Qanunsuz silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, ordunun hüquqi və təşkilati əsasları möhkəmləndirildi. 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra Silahlı Qüvvələrin inkişafı yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, hərbi hissələr yenidən quruldu, döyüş hazırlığı yüksəldildi.

Ümummilli Liderin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 İyun rəsmi olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Azərbaycanın NATO ilə əməkdaşlığı ordu quruculuğunun keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratdı. "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan Azərbaycan Silahlı Qüvvələri beynəlxalq standartların tətbiqinə başladı. Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyalarda iştirakı onların peşəkarlığının artırılmasına, müasir hərbi idarəetmə və əməliyyat təcrübəsinin mənimsənilməsinə imkan verdi. Kosovoda, İraqda və Əfqanıstanda xidmət edən Azərbaycan hərbçiləri ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verdilər.

2003-cü ildən başlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən biri elan etdi. Ordunun maddi-texniki təminatının gücləndirilməsi, müasir silah və texnikanın alınması, hərbi sənaye kompleksinin yaradılması, hərbçilərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirildi. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən genişmiqyaslı təlimlər və həyata keçirilən islahatlar nəticəsində Silahlı Qüvvələr regionun ən güclü ordusuna çevrildi. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və peşəkarlığını nümayiş etdirdi. Cəmi dörd gün davam edən əməliyyatlar nəticəsində strateji yüksəkliklər və mühüm mövqelər azad edildi. 2018-ci ilin Günnüt əməliyyatı isə ordumuzun artan hərbi imkanlarını bir daha ortaya qoydu. Naxçıvan istiqamətində əldə edilən uğurlar Azərbaycanın müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirdi. Bu qələbələr Azərbaycan xalqında böyük inam yaratdı və tarixi Zəfərin yaxınlaşdığını göstərdi".

Milli Məclisin üzvü eyni zamanda qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən birinə çevrilib:

"Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək Ermənistan ordusunu darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşanın azad edilməsi müharibənin taleyini həll edən dönüş nöqtəsi oldu. Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın birliyi nəticəsində düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi. Beləliklə, xalqımız otuz ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.

2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam təmin edilməsini reallığa çevirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatizmə son qoyuldu və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ölkə ərazisində bərpa edildi. Bu əməliyyat dünya hərb tarixində yüksək dəqiqlik, operativlik və peşəkarlıq nümunəsi kimi qiymətləndirilir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir texnologiyalarla təchiz edilmiş, yüksək peşəkarlığa malik, döyüş təcrübəsi qazanmış və regionun təhlükəsizlik sistemində mühüm rol oynayan qüdrətli ordudur. Azərbaycan əsgəri təkcə Vətənin sərhədlərini qoruyan hərbçi deyil, həm də xalqımızın qəhrəmanlıq ruhunun, vətənpərvərlik hissinin və milli birliyinin simvoludur. 26 İyun  Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları və hərbi qulluqçularını təbrik edir, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan Ordusu dünənin şanlı mirası, bu günün qüdrəti və sabahın etibarlı təminatıdır. Güclü orduya malik Azərbaycan dövləti bundan sonra da öz suverenliyini, müstəqilliyini və milli maraqlarını qətiyyətlə qorumağa davam edəcəkdir",- deyə V.Qafarov fikrini tamamlayıb.

Ancaq bu tarix yalnız ordunun yaradılması ilə deyil, həm də əsrlər boyu formalaşan hərb ənənələrinin davamı kimi xüsusi məna daşıyır. Dünya təcrübəsinə nəzər salsaq, hərbi paradların tarixi minilliklər əvvələ dayanır. Tarixçilərin fikrincə, ilk belə mərasimlərə qədim Misir və Roma dövlətlərində rast gəlinir. Xüsusilə Roma imperiyasında döyüşdən qalib qayıdan sərkərdələrin və legionların şəhərə təntənəli yürüşü dövlətin qüdrətini nümayiş etdirən ən möhtəşəm mərasimlərdən biri hesab olunurdu.

Sonrakı əsrlərdə bu ənənə Avropada daha da inkişaf etdi. XVIII əsrdən başlayaraq Qərbi Avropa ölkələrində hərbi paradlar keçirilməyə başladı, əsrin sonlarından isə bu mərasimlər Rusiyada da geniş yayıldı. Sovet İttifaqı dövründə hər il noyabrın 7-də Oktyabr İnqilabına, mayın 9-da isə faşizm üzərində Qələbəyə həsr olunan paradlar dövlət təqviminin ən möhtəşəm tədbirlərindən sayılırdı. Bir müddət mayın 1-də də hərbi parad keçirilsə də, sonradan bu ənənədən imtina edildi. Dünyada formalaşan bu hərbi ənənə XX əsrin əvvəllərində Azərbaycanda da öz əksini tapdı.

Həmin ilin iyulunda isə Qarabağda daha bir yaddaqalan hərbi parad keçirildi. Dövrün “Azərbaycan” qəzetinin yazdığına görə, Baş nazir Nəsib bəy Yusifbəyli və Hərbi nazir Səməd bəy Mehmandarov əvvəlcə Xankəndidə qoşunların paradını qəbul etmiş, daha sonra isə Şuşada əhali ilə görüşmüşdülər. Baş nazir çıxışında Azərbaycanın rifahının bütün xalqların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşamasından keçdiyini xüsusi vurğulamışdı. Bu fakt bir daha göstərirdi ki, hərbi paradlar yalnız ordunun gücünü nümayiş etdirmək məqsədi daşımır, eyni zamanda dövlətçiliyin və milli birliyin rəmzi kimi çıxış edirdi.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1920-ci ildə bolşevik işğalı ilə milli dövlət süqut etsə də, milli ordu ideyası xalqın yaddaşında yaşamaqda davam etdi. Dövlət müstəqilliyi bərpa edildikdən sonra isə bu ənənə yenidən dirçəldi və müstəqil Azərbaycanın ilk hərbi paradı 1992-ci ildə keçirildi. Həmin mərasimdə Prezident Əbülfəz Elçibəy və dövlət rəhbərliyi iştirak edirdi. Bu parad müstəqil dövlətin öz ordusuna sahib olduğunu dünyaya nümayiş etdirən mühüm siyasi hadisələrdən biri idi.

Sonrakı illərdə Azərbaycan Ordusu sürətlə inkişaf etdi. Müasir silahlar, peşəkar kadr hazırlığı və beynəlxalq standartlara uyğun hərbi islahatlar ordunun gücünü əhəmiyyətli dərəcədə artırdı. Bunun ən parlaq nümunələrindən biri 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm hərbi parad oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə izlədiyi bu parad iki qardaş ölkənin sarsılmaz müttəfiqliyinin və ortaq tarixinin simvoluna çevrildi.

Azərbaycan Ordusunun qüdrəti isə iki il sonra döyüş meydanında öz sözünü dedi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər ordumuzun peşəkarlığını, yüksək hazırlığını və xalqla birliyini bütün dünyaya nümayiş etdirdi. Ardınca həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa olundu və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskvaya dəhşətli raket hücumu olacaq! - Əhaliyə xəbərdarlıq