Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsünə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə “Anews.az”a açıqlamasında danışıb.
Hikmət Hacıyev qeyd edib ki, bu təşəbbüs dünya təcrübəsi və elmi araşdırmalara əsaslanır.
O bildirib ki, sosial şəbəkələrin müsbət tərəfləri danılmaz olsa da, onların uşaqlara psixoloji, sosial və digər təsirləri tam araşdırılmadan azyaşlıların bu platformalara çıxışı təmin edilib.
Prezidentin köməkçisi xatırladıb ki, parlament təşəbbüsü üçüncü oxunuşda qəbul edib və qanunun tətbiqindən əvvəl bir illik keçid dövrü nəzərdə tutulub.
Hikmət Hacıyevin sözlərinə görə, qanunun icrası təkcə hökumətin səyləri ilə mümkün deyil. O vurğulayıb ki, valideynlər, müəllimlər, blogerlər və sosial media platformaları da bu prosesdə fəal iştirak etməlidirlər.
Hacıyev əlavə edib ki, yaşın yoxlanılması və texniki nəzarət mexanizmləri ilə bağlı hələ də tam həllini tapmayan məsələlər var və bu suallara cəmiyyət olaraq birlikdə cavab verilməlidir.