Modern.az

"Aqrarkredit" işinə görə Sahibkarlar Konfederasiyası məsuliyyət daşıyırmı? - AÇIQLAMA

"Aqrarkredit" işinə görə Sahibkarlar Konfederasiyası məsuliyyət daşıyırmı? - AÇIQLAMA

Ölkə

Bu gün, 16:23

"Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatından ayrıldığı bildirilən 100 milyon manatdan artıq güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə olunmadığı iddiasına dair aparılan istintaq hüquqi müzakirələrə səbəb olub. Belə ki, istintaq çərçivəsində bir neçə nəfərin həbs edilməsi, qurumun sabiq rəhbəri, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olan Məmməd Musayev barəsində isə cinayət təqibinin aparılması bildirilir.

Cinayət işi üzrə araşdırmalar davam etdiyi bir vaxtda prosesin yalnız konkret şəxslərin məsuliyyəti ilə məhdudlaşıb-məhdudlaşmayacağı, nəzarət funksiyasını yerinə yetirən vəzifəli şəxslərin məsuliyyətinin hansı hallarda gündəmə gələ biləcəyi, eləcə də Məmməd Musayev barəsində aparılan cinayət təqibinin rəhbərlik etdiyi Azərbaycan Sahibkarlar Konfederasiyasının hüquqi statusuna hər hansı təsirinin olub-olmayacağı hüquqi baxımdan diqqət çəkən məqamlardandır. Bundan əlavə, dövlət vəsaiti hesabına ayrılan güzəştli kreditlərlə bağlı oxşar halların vaxtaşırı təkrarlanması isə bu sahədə nəzarət mexanizmlərinin yetərliliyi məsələsini də yenidən ön plana çıxarır.

“Aqrarkredit” BOKT ətrafında aparılan istintaqla bağlı Modern.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı bildirib ki, Sahibkarlar Konfederasiyasının bu məsələ ilə bağlı hər hansı hüquqi məsuliyyətindən söhbət gedə bilməz.

Onun sözlərinə görə, Məmməd Musayev hazırda Sahibkarlar Konfederasiyasının prezidentidir və bu qurumun əvvəllər rəhbərlik etdiyi “Aqrarkredit” BOKT ilə hüquqi bağlılığı yoxdur:

“Bildiyiniz kimi, Məmməd Musayev hazırda Sahibkarlar Konfederasiyasının prezidentidir. Sahibkarlar Konfederasiyası ictimai birlikdir, “Aqrarkredit” isə bank olmayan kredit təşkilatı, yəni kommersiya müəssisəsidir. Bu baxımdan Konfederasiyanın “Aqrarkredit” BOKT ilə hər hansı hüquqi bağlılığından söhbət gedə bilməz.

Bundan əlavə, qurumun hər hansı hüquqi məsuliyyəti və ya öhdəliyi yoxdur. Qanunvericilik də buna imkan vermir. Bir qurumun rəhbərinin eyni zamanda ictimai birliyə rəhbərlik etməsi həmin ictimai birliyin başqa hüquqi şəxsin fəaliyyətinə görə məsuliyyət daşıması anlamına gəlmir”.

Hüquqşünas qeyd edib ki, belə işlərdə məsuliyyət konkret şəxslər üzrə müəyyənləşdirilir:

“Burada konkret olaraq kimlərin cinayətdə əlbir olduğu müəyyən ediləcək. Həmin şəxslər, çox güman ki, cinayət məsuliyyətinə cəlb olunacaqlar. İstintaq davam edəcək və onun nəticəsinə əsasən iş məhkəməyə göndəriləcək”.

Vəkilin sözlərinə görə, gələcəkdə oxşar halların qarşısını almaq üçün iri məbləğli dövlət kreditlərinin ayrılması daha ciddi nəzarət mexanizmi ilə həyata keçirilməlidir:

“Bununla bağlı dövlətin müəyyən mexanizmləri var. Hesab edirəm ki, belə məsələlər kollegial qaydada həll olunsa, daha səmərəli olar. Əgər söhbət dövlət vəsaiti hesabına ayrılan iri kreditlərdən gedirsə, həmin prosesdə dövlət qurumlarının nümayəndələri də iştirak etməlidirlər. Kredit ayrılarkən layihələr hərtərəfli araşdırılmalıdır. Burada 100 milyonlarla manatlıq kreditlərdən söhbət gedir. Belə məbləğlərin taleyi bir və ya iki nəfərin qərarı ilə həll olunmamalıdır”.

O həmçinin vurğulayıb ki, dövlət investisiyaları ilə bağlı fəaliyyət göstərən kollegial qurumların təcrübəsi bu istiqamətdə nümunə ola bilər:

“Hazırda dövlət investisiyaları ilə bağlı fəaliyyət göstərən müvafiq qurum var. Həmin qurumda müxtəlif dövlət orqanlarının nümayəndələri təmsil olunur, layihələrə baxılır, hansı istiqamətə investisiya qoyulmasının məqsədəuyğun olduğu araşdırılır və qərarlar birgə qəbul edilir. Eyni zamanda qiymətləndirilir ki, həmin investisiyadan dövlət nə qədər gəlir əldə edə bilər”.

Hüquqşünas əlavə edib ki, əvvəllər kənd təsərrüfatının inkişafı üçün ayrılan iri kreditlər də oxşar mexanizmlə razılaşdırılsaydı, vəsaitlərin təyinatından kənar istifadəsinin qarşısını daha effektiv şəkildə almaq mümkün olardı:

“Vaxtilə Sahibkarlığın İnkişaf Fondu vasitəsilə kənd təsərrüfatının inkişafı üçün böyük həcmdə kreditlər ayrılırdı. Hesab edirəm ki, həmin kreditlərin ayrılması da belə kollegial mexanizm vasitəsilə həyata keçirilsəydi, tam olmasa da, ayrılmış kreditlərin başqa istiqamətlərə yönəldilməsinin qarşısını böyük ölçüdə almaq mümkün olardı”, - deyə hüquqşünas qeyd edib. 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi