“20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi siyasi və mənəvi məna daşıyan tarixdir. Bu gün yalnız müəyyən bir hərbi-siyasi prosesin yekununu deyil, dövlətimizin uzun illər ərzində qarşıya qoyduğu ən mühüm strateji məqsədlərdən birinin – ölkənin bütün ərazisində suveren hakimiyyətin tam bərpasının nəticəsini ifadə edir”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, suverenlik dövlətin yalnız hüquqi statusu deyil. O, dövlət iradəsinin ölkənin bütün ərazisində şəriksiz şəkildə həyata keçirilməsi, Konstitusiyanın və qanunların hər yerdə eyni qüvvəyə malik olması, sərhədlərin, təhlükəsizliyin və siyasi qərarların tam milli nəzarətdə saxlanılması deməkdir. Azərbaycan uzun illər beynəlxalq səviyyədə tanınmış suveren dövlət olsa da, torpaqlarının bir hissəsinin işğal altında qalması bu suverenliyin faktiki həyata keçirilməsinə mane olurdu. Məhz buna görə Azərbaycanın son onilliklərdə keçdiyi yol yalnız ərazi uğrunda mübarizə kimi qiymətləndirilə bilməz. Bu, eyni zamanda dövlət hakimiyyətinin bütövlüyü uğrunda mübarizə idi.
Millət vəkilinin sözlərinə görə, 30 ilə yaxın davam edən işğal dövrü beynəlxalq hüququn imkanları ilə real siyasi iradə arasındakı fərqi açıq şəkildə nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınırdı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri mövcud idi, lakin onların icrası təmin edilmirdi. İllərlə aparılan danışıqlar isə işğal faktını aradan qaldıra bilmədi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu siyasi reallığı kökündən dəyişdirdi. Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi və regionda onilliklər boyu formalaşmış status-kvonu qətiyyətlə aradan qaldırdı. Lakin dövlət suverenliyinin tam təmin olunması üçün proses hələ başa çatmamışdı.
“2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması həmin mərhələdə həlledici strateji addım oldu. Azərbaycan öz dövlət sərhədinə nəzarəti tam şəkildə təmin etməklə suverenliyin ən vacib prinsiplərindən birini praktik olaraq həyata keçirdi. Bununla həm də birmənalı şəkildə göstərildi ki, dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində nəzarətdən kənar ərazi və ya xüsusi hüquqi məkan anlayışı qəbul edilə bilməz”- deyən Sevinc Fətəliyeva əlavə edib ki, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri isə bu prosesin yekun və müəyyənedici mərhələsi oldu. Cəmi 23 saat 43 dəqiqə ərzində qarşıya qoyulan məqsədlərin tam yerinə yetirilməsi nəticəsində Azərbaycanın Qarabağ bölgəsində konstitusion quruluş bərpa edildi və ölkənin bütün ərazisində dövlət hakimiyyətinin hüquqi və faktiki bütövlüyü qəti şəkildə təmin olundu. Bu hadisənin əhəmiyyəti təkcə hərbi müstəvidə ölçülə bilməz. Əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə dövlət hakimiyyətinin real sərhədləri tarixdə ilk dəfə tam şəkildə üst-üstə düşdü. 20 Sentyabr məhz buna görə dövlətçilik tariximizin dönüş nöqtəsidir.
"Tam suverenliyin bərpasının Azərbaycanın siyasi gündəliyini kökündən dəyişdiyini deyən deputatın fikrincə, Qarabağ artıq həllini gözləyən ərazi məsələsi deyil. Azərbaycanın qarşısında dayanan əsas vəzifələr azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, həmin ərazilərin ölkənin iqtisadi və sosial sisteminə tam inteqrasiyasıdır. Bu gün Xankəndidə Azərbaycan bayrağının dalğalanması, dövlət institutlarının fəaliyyəti, Qarabağ Universitetinin yaradılması, şəhər və kəndlərin yenidən qurulması sübut edir ki, suverenlik artıq yalnız siyasi anlayış deyil. Suverenlik həmin ərazilərdə qurulan hər bir evdə, açılan hər bir məktəbdə, çəkilən hər bir yolda real məzmun qazanır" - deyə o qeyd edib.
Millət vəkili söyləyib ki, tam suverenlik Azərbaycanın regional mövqeyinə də yeni siyasi çəki verib. Bakı artıq keçmiş münaqişənin idarə olunmasından deyil, regionun gələcəyinin formalaşdırılmasından danışır. Azərbaycan–Ermənistan münasibətlərində əsas müzakirə mövzusu ərazi məsələsi deyil, iki dövlət arasında sülh münasibətlərinin qurulması, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və gələcək əməkdaşlıq imkanlarıdır. Dövlət Suverenliyi Gününün təsis olunması da bu baxımdan həm tarixi yaddaş, həm də gələcəyə yönəlmiş siyasi mesajdır. Bu tarix dövlət müstəqilliyinin və ərazi bütövlüyünün hansı uzun və mürəkkəb mübarizənin nəticəsində tam məzmun qazandığını gələcək nəsillərə çatdıracaq.
“Ancaq suverenliyin bərpası prosesin sonu deyil. Əksinə, yeni mərhələnin başlanğıcıdır. Tam suveren dövlət olmaq bu suverenliyi siyasi sabitlik, güclü iqtisadiyyat, etibarlı müdafiə sistemi, müasir dövlət institutları və müstəqil xarici siyasətlə davamlı şəkildə möhkəmləndirməyi tələb edir. 20 Sentyabrın ən böyük siyasi mənası da məhz bundadır: Azərbaycan öz ərazisi üzərində tam hakimiyyətini bərpa etməklə yanaşı, öz gələcəyini müəyyən etmək imkanını da daha da möhkəmləndirib. Bu gün Azərbaycan bütöv əraziyə, tam suverenliyə və öz siyasi iradəsini sərbəst həyata keçirmək imkanına malik dövlətdir. Bu isə təkcə tarixi nailiyyət deyil, gələcək inkişafımızın ən başlıca siyasi dayaqlarından biridir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.