Mətbuat Şurasında görkəmli mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynova həsr olunan "İstiqlal söhbətləri" kitabının təqdimat mərasimi olub.
Modern.az xəbər verir ki, Şirməmməd Hüseynovun Əməkdar jurnalist Mirşahin Ağayevlə söhbətlərindən ibarət kitabın təqdimat mərasimində çıxış edənlər onun həyat və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər.
Tarixçi alim Solmaz Tohidi-Rüstəmova Şirməmməd Hüseynovun qətiyyətli və zəhmli xarakterə malik olduğunu deyib:
“Telefonla danışarkən təsadüfən eşitdim. Dedi ki, “ölümü ziyarət etmək nə vaxtdan cinayətdir?” Bu sözü demişdi, mən heç unutmuram, mənə çox təsir etdi. Qətiyyətli, çox zəhmli idi. Çox kömək edərdi”.
S.Tohidi tədbirə dəvətə görə Ş.Hüseynovun həyat yoldaşı Ülkər xanıma təşəkkürünü bildirib və Şirməmməd Hüseynovun Azərbaycan tarixinin, xüsusilə Cümhuriyyət irsinin təbliğində mühüm rol oynadığını vurğulayıb.
“Bizə həyatımızın məqsədini, mövzusunu bəxş edən insandır. O zamanlar da mühazirələrini dinləyirdim. Bu kitab ilk növbədə Cümhuriyyət tarixinə aid kitabdır. Şirməmməd müəllim Azərbaycan Cümhuriyyəti dövrünün təbliğatçısıdır. O, tarixçi idi, mətbuat tarixini, əsas tarixi tədris edirdi”, – deyə o bildirib.
Solmaz Tohidi kitabın klassik müsahibə janrından fərqləndiyini qeyd edib:
“Bu kitabı vərəqləyəndə düşünürəm ki, bu, klassik janr mənasında müsahibə deyil. Burada Şirməmməd müəllimə “istədiyini danış” deyilir. O da həyatının mənasını dəyişmiş Cümhuriyyət tarixində, Rəsulzadə timsalında öz həyatının nümunəsini tapıb, öz qayəsini anlayıb”.
Onun sözlərinə görə, kitabda Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Cümhuriyyət və Atabəylər dövrü barədə fikirlər yer alıb.
“Şirməmməd müəllim üçün Azərbaycan tarixi Azərbaycan dövlətçiliyinə xidmət edirdi. O, istədiyi mövzunun təbliğ üsulunu tapdı”, – deyə Solmaz Tohidi-Rüstəmova əlavə edib.