Ermənistanın Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyası Azərbaycanın daxili işlərinə müdaxilədir.
Bunu Milli Məclisin deputatı Zaur Şükürov Modern.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, sentyabrın 11-də başlayan ikigünlük səfər çərçivəsində diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olublar. Bu, 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərə təşkil olunan 22-ci diplomatik korpus səfəridir.
Z.Şükürovun sözlərinə görə, belə səfərlər diplomatlara Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işlərini, regionun sosial-iqtisadi inkişafını və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirləri yerində müşahidə etmək imkanı yaradır.
“Səfərin ikinci günündə diplomatlar Ağdərə rayonunun Vəngli kəndi yaxınlığındakı Gəncəsər və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastır komplekslərini ziyarət etdilər. Onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri, həmçinin komplekslərdə aparılmış dəyişiklik və saxtalaşdırmalar barədə məlumat verildi”, – deputat bildirib.
Z.Şükürov Ermənistan parlamentinin sədri Ruben Rubinyanın səfərlə bağlı açıqlamasını qəbuledilməz adlandırıb. Rubinyan Azərbaycan rəsmilərinin Gəncəsər və Xudavəngin Alban irsinə aid olması barədə fikirlərini “əsassız” və “sülhə xidmət etməyən” açıqlamalar kimi qiymətləndirib. Ermənistan mediası onun bu mövqeyini yayıb.
“Ermənistan parlamenti sədrinin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren əraziləridir. Xarici diplomatların bu ərazilərə səfərinə Ermənistanın münasibət bildirməsi onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları ilə ziddiyyət təşkil edir”, – Z.Şükürov vurğulayıb.
Deputat Ermənistanda səfərə qarşı formalaşan reaksiyanın təsadüfi olmadığını düşünür:
“Paylaşımların və yazıların mühüm hissəsinin hakim partiyaya yaxın informasiya resurslarında yayılması bu reaksiyanın kampaniya xarakteri daşıdığını göstərir. Ermənistan hakimiyyətinin və revanşist dairələrin eyni mövqedən çıxış etməsi rəsmi İrəvanın sülh prosesində səmimiliyi ilə bağlı suallar yaradır”.
Z.Şükürov sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin sentyabr döyüşlərində ölən erməni hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini də revanşist əhvali-ruhiyyənin gücləndirilməsinə xidmət edən addım kimi qiymətləndirib.
Deputat bildirib ki, Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcudluğu tarix elminə məlumdur və bu irsin araşdırılmasına qarşı çıxmaq qəbuledilməzdir:
“Azərbaycan ərazisində yerləşən bütün tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur. Abidənin hansı dinə və dövrə aid olmasından asılı olmayaraq, Azərbaycan ona öz mədəni irsinin tərkib hissəsi kimi yanaşır”.
Onun sözlərinə görə, Ermənistan isə həm indiki ərazisində, həm də Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalı dövründə Azərbaycana məxsus tarixi, dini və mədəni irsin məhv edilməsinə, izlərinin silinməsinə və saxtalaşdırılmasına yol verib:
“Bu əməllər 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun mədəni irsin qorunması ilə bağlı prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Z.Şükürov Ermənistanı keçmiş işğal siyasətindən nəticə çıxarmağa və sülh prosesinə zərər verən addımlardan çəkinməyə çağırıb:
“Ermənistan hökuməti və cəmiyyəti Prezident İlham Əliyevin sülh təşəbbüsünün regionun gələcəyi üçün yaratdığı imkanları düzgün qiymətləndirməlidir. Davamlı sülh, sabitlik və inkişaf yalnız qarşılıqlı şəkildə tanınmış suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında mümkün ola bilər”.