Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsinin səbəbi səhhətində yaranan problemlərlə əlaqələndirilib. Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.
Belə məlumatlar var ki, Ramiz Mehdiyev növbəti məhkəmə iclasında da iştirak etməyə bilər.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı Modern.az-a açıqlama verib.
O bildirib ki, Cinayət-Prosessual Məcəllənin 311.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs məhkəmə baxışının bütün iclaslarında iştirak etməlidir. Onun iştirakı olmadan işə baxılmasına yalnız iki müstəsna halda yol verilir:
“Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda işə onun iştirakı olmadan baxıla bilər. Digər istisna isə böyük ictimai təhlükə törətməyən cinayət işlərinə aiddir. Belə işlərdə təqsirləndirilən şəxs öz iştirakı olmadan məhkəmə baxışının keçirilməsi barədə vəsatət verə bilər. Bununla belə, onun iştirak etməməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmamalıdır”.
Əliməmməd Nuriyev qeyd edib ki, Ramiz Mehdiyevin növbəti iclasa gəlməməsinin hüquqi nəticələri də konkret səbəblər qiymətləndirildikdən sonra müəyyənləşdiriləcək:
“Sağlamlıq vəziyyəti ilə bağlı əsaslı maneə kimi üzrlü səbəb varsa, məhkəmə bunu qiymətləndirərək iclası təxirə sala bilər. Üzrlü səbəb olmadan gəlmədikdə isə onun məcburi gətirilməsi barədə qərar qəbul oluna bilər. Həmçinin qanunda nəzərdə tutulan əsaslar olduqda barəsində qətimkan tədbiri seçilə və ya mövcud qətimkan tədbiri daha ağır tədbirlə əvəz edilə bilər”.
Hüquqşünas vurğulayıb ki, iclasa gəlməmək avtomatik olaraq işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılması və ya qətimkan tədbirinin dərhal ağırlaşdırılması demək deyil:
“Qərar konkret hallar araşdırıldıqdan sonra məhkəmə tərəfindən qəbul edilir”.
Lamiyə Cənnətzadə