Modern.az

Məmurlar gəlirlərini bəyan etmirlər - Hüquqşünasdan ETİRAZ

Məmurlar gəlirlərini bəyan etmirlər - Hüquqşünasdan ETİRAZ

Ölkə

Bu gün, 15:21

Azərbaycanda vətəndaşların bank əməliyyatları ilə bağlı yeni limitlər müzakirə olunur. Kartlara gündəlik 5 dəfə vəsait köçürülməsi, aylıq 20 min manatlıq mədaxil həddi və elektron köçürmələrlə bağlı 20 min və 50 min manatlıq limitlər vətəndaşların maliyyə əməliyyatlarına təsir edən əsas dəyişikliklər sırasındadır. Bəs bu limitlər hansı məqsədlə tətbiq olunur və qarşıdakı dövrdə bank əməliyyatları ilə bağlı daha hansı limitlərin müəyyənləşdirilməsi mümkündür?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Modern.az-a açıqlama verib:

“Burada iki səbəb var. Birincisi, Azərbaycanın çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində beynəlxalq öhdəlikləri var. Həmçinin qanunvericiliyimiz var. Nəzarət olunmalıdır ki, heç kəs qanunsuz yolla əldə edilmiş pullarını leqallaşdırmasın. Korrupsiya, oğurluq, rüşvət, narkotik, fahişəlik və s. sahələrdən əldə olunan pul bank sisteminə düşməməlidir. Bu, bütün dünyada beynəlxalq təcrübədir. Azərbaycanın bu sahədə öhdəliyi var və beynəlxalq təşkilatlar bunu bizə deyir. İkincisi isə vergidən yayınmadır. Hazırda Azərbaycanda iqtisadi artım yoxdur. Dövlət büdcəsinə pulun yığılması problemi var və buna görə də dövlət orqanları nəzarət etmək istəyirlər ki, heç kəs vergidən yayınmasın, heç kəs gəlirini gizlədə bilməsin. Məqsədlər bunlardır və bu məqsədlər də qanunidir. Burada elə bir problem yoxdur. Bu, dünyada yayılan praktikadır”.


Onun sözlərinə görə, bu sistem Azərbaycanda tam işlək vəziyyətdə deyil.

“Mən, deyək ki, 1 milyard manat pul köçürdüm kiməsə. Beynəlxalq təcrübədə, xeyli ölkədə belədir: mən hər il gəlirlərim haqqında bəyannamə verirəm və birdən-birə 1 milyard köçürdüm. Mənə deyirlər ki, sən bunu haradan əldə etmisən? Sən axı bunu bəyan etməmisən. Deyirlər, sən bunu qanunsuz yolla əldə etmisən. Azərbaycanda isə bəyannamə sistemi yoxdur. Mən istənilən qədər pulu kimə köçürsəm, məni çağırsalar, istənilən şeyi deyə bilərəm. Babamdan qalıb, nənəmdən qalıb – min dənə şey deyə bilərəm, ağlıma gələni”.

Əkrəm Həsənov bildirib ki, xarici ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə belə hallarda şəxsdən əldə etdiyi vəsaiti əvvəlcədən bəyan etməsi tələb olunur.

“Bax, əksər ölkələrdə deyəcəklər ki, sən bunu babandan qaldığını deyirsən, amma bunu bəyan etmisənmi? Bizdə isə bu yoxdur. Buna görə də bu iş bizdə yarımçıqdır. Bəyannamə olmayan ölkədə iş yarımçıq qalır. Məmurlar gəlirlərini bəyan etmirlər. Halbuki 2005-ci ildə qanun qəbul olunub. Məmurlar və onların ailə üzvləri gəlirlərini bəyan etməlidirlər. Biz 2005-ci ildə BMT-nin korrupsiyaya qarşı konvensiyasına da qoşulmuşuq. Amma bu, tətbiq olunmur”.

“Niyə? Halbuki korrupsiyaya qarşı mübarizənin sütunlarından biri budur. Hələ 2005-ci ildə Nazirlər Kabineti iki ay ərzində bəyannamənin formasını təsdiqləməliydi. Formasını! Məzmun artıq qanunda var. Nazirlər Kabineti 21 ildir bunu etmir. Buna görə də bizdə belə hər şey yarımçıqdır”, – deyə hüquqşünas söyləyib.

Nicat Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım