Milli Məclisin deputatı Erkin Qədirli “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.
Modern.az xəbər verir ki, deputat bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında deyib.
Erkin Qədirli layihə ilə bağlı fikir bildirmək istəmədiyini də qeyd edib.
Qeyd edək ki, qanun layihəsi iş və ya xidmət göstərilən yerdə korrupsiya barədə məlumat verən şəxslərin mükafatlandırılması və müdafiəsi qaydalarını müəyyənləşdirir.
Sənəddə məlumat verənlərin kimliyinin qorunması, onlara və qohumlarına təzyiqin qadağan edilməsi, məlumat verdiyinə görə işçidən qisas almaq məqsədilə onun işdən çıxarılmasına və digər mənfi tədbirlərə yol verilməməsi nəzərdə tutulur.
Layihəyə əsasən, verilən məlumat təsdiqləndikdə şəxsə təşkilatın büdcəsi hesabına minimum əməkhaqqının 25 mislinədək maddi mükafat ödəniləcək. Cinayət işləri üzrə isə müəyyən edilmiş şərtlərlə müsadirədən əldə olunan vəsaitin, dövlət büdcəsinə ödənişin və ya dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın 5 faizi məbləğində ödəniş nəzərdə tutulur.
Həmçinin məlumat verən şəxslər üçün dövlət hesabına hüquqi yardım, məhkəmə xərclərindən azadolma və maddi-mənəvi zərərə görə kompensasiya təminatları təklif olunur.