Modern.az

Dünən susanlar bu gün Azərbaycana etiraz edir

Dünən susanlar bu gün Azərbaycana etiraz edir

Ölkə

Bu gün, 19:45

"Demokratik tənqid hüququ qanuni olsa da müstəqil və suveren bir dövlətin daxili işlərinə müdaxiləyə çevrilməməlidir".

Bu fikirləri Modern.az-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib. Onun sözlərinə görə, hər bir müstəqil dövlətin öz konstitusiyası, qanunları, dövlətçilik anlayışı və özünəməxsus mövqeyi var:

“Heç bir dövlət başqa bir dövlətin suverenliyini və daxili məsələlərlə bağlı qərarlarını öz meyarları ilə sorğulamaq hüququna malik deyil. Tənqid edilə bilər, lakin suverenliyə hörmət əsas şərtdir”.  Qaraqoyunlunu bildiirb ki, Türkiyə-Azərbaycan münasibətlərinin gündəlik siyasi müzakirələrdən çox-çox uzaqda, tarixi və ictimai bağlara söykəndiyini vurğulayan Karakoyunlu deyib:

“Qardaşlıq bir-birimizin hər bir addımını sorğu-sualsız təsdiqləmək demək deyil. Səhv gördükdə, əlbəttə, bunu deyərik. Lakin tənqidlə düşmənçiliyi bir-birinə qarışdırmamaq lazımdır”.

“Azərbaycanın ən çətin günlərində siz harada idiniz?”

Azərbaycanın işğal illərində yaşadığı ağrılara diqqət çəkən Karakoyunlu bildirib:

“Dünyanın gözü qarşısında Azərbaycanın torpaqlarının təxminən 20 faizi işğal ediləndə, təxminən 1 milyon insan öz yurdundan didərgin salınanda, minlərlə insan həyatını itirəndə və Xocalıda böyük insanlıq faciəsi yaşananda siz harada idiniz?”

Qaraqoyunlu səmimiyyətin yalnız bugünkü gündəmlərlə ölçülə bilməyəcəyini deyərək əlavə edib:

“Əgər həqiqətən səmimisinizsə, əvvəlcə yetim haqqı yeyənləri, dövlətin xəzinəsinə və beytül-mala əl uzadanları protest edin. Azərbaycan üzərindən Türkiyə-Azərbaycan qardaşlıq hüququna xələl gətirməyə çalışmaq nə ədalətlə, nə də səmimiyyətlə uzlaşır”.

“Türk qardaşlığımızı gündəlik siyasi hesablamalara qurban verməyək”

Fərqli siyasi və ideoloji yanaşmaların Türkiyə-Azərbaycan münasibətlərinə zərər verməməli olduğunu vurğulayan Qaraqoyunlu deyib:

“Ümmətçilik və ya digər siyasi səbəblərlə irəli sürülən yanaşmaların türk qardaşlığımızı pozmasına imkan verməyəcəyik”.

Qaraqoyunlu sözlərini belə yekunlaşdırıb:

“Dünən Azərbaycan işğal edilərkən və Xocalının ağrısı yaşanarkən kifayət qədər səsini çıxarmayanların bu gün Azərbaycan üzərindən qardaşlıq dərsi verməsini qəbul etmirik. Qardaşlıq yalnız yaxşı günlərdə xatırlanan bir söz deyil, çətin zamanda göstərilən vəfadır.

"Evi şüşədən olan, qardaşının evinə daş atmasın.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?