Modern.az

İlham Əliyevdən ev alan Qarabağ əlili həbsxanada kömək istəyib

İlham Əliyevdən ev alan Qarabağ əlili həbsxanada kömək istəyib

Təhsil

13 Yanvar 2012, 12:01

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə  “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında imzalanmış Tədbirlər Planına yanvarın 12-də 9 saylı Cəzaçəkmə Müəssisəsində “Əlil məhkumların sosial hüquqlarının həyata keçirilməsi istiqamətində maarifləndirmə işinin aparılması” mövzusunda görüş keçirilib.

İB-dən Modern.az-a verilən məlumata görə, cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlardan 5 nəfəri müxtəlif qruplu əlilliyi olan insanlardır.
Tədbirdə 5  nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Dünyası” İctimai Birliyinin sədri Tahir Xudiyev, Birliyin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin  inspektoru Əli Nəbiyev, 9 saylı CÇM-nın əməliyyat rejimi üzrə rəis müavini, polkovnik-leytenant  Qaçay Aslanov, Tərbiyə işinin təşkili bölməsinin rəisi, kapitan Sənan Əşrəfov,  Mühasibat bölməsinin rəisi, baş-leytenant Elvin Əhmədov iştirak ediblər.

Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Əli Nəbiyev, Qaçay Aslanov çıxış etdilər.

Mövzu ilə əlaqədar əlil məhkumlarla söhbət aparılıb. Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar, onların söylədikləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılıb.

2011-ci ilin iyul ayından 3-cü qrup əlil olan məhkum, Astara rayon sakini Cəfərov Kamran Asəf oğlu bildirib ki,  o vaxtdan bu günədək əlilliyə görə təqaüd almayıb.

1988-ci ildən 2-ci qrup gözdən əlil olan məhkum Muradov Fərman Məzahim oğlu 3-4 ay pensiya alıb, sonra tutulub. Söylədiyinə görə, bütün sənədləri itib, amma arxivdə var. Məhkum deyib ki, özü bu məsələ ilə bağlı indiyədək heç yerə müraciət etməyib.

Digər məhkum Nəcəfov Mais Fazil oğlu 1995-ci ildən təqaüddədir. 2-ci qrup ömürlük Qarabağ müharibəsi əlilidir. Prezident təqaüdçüsüdür. 5 nəfər ailə üzvü var. Atası da 1-ci qrup əlildir. M.Nəcəfovun söylədiyinə görə, 2011-ci ilin fevral ayında prezident İlham Əliyev  Qarabağ müharibəsi əlili kimi onun ailəsinə Pirallahı adasında ev verib. May ayında isə Mais Nəcəfov həbs olunub. Dediyinə görə, ailəsi onlara verilən evin orderini itirib. M.Nəcəfov oğlunun həqiqi hərbi xidməti başa vurub qayıtdıqdan sonra işsiz olduğu üçün onun işlə təmin olunmasına köməklik göstərilməsini və arxivdən evlərinin orderinin surətinin alınmasında köməklik göstərilməsini xahiş edib.

Əlil-məhkumlar bu tədbirdən məmnun qaldıqlarını bildiriblər.  

Sonda 9 saylı CÇM-nın əməliyyat rejimi üzrə rəis müavini, polkovnik-leytenant  Qaçay Aslanov çıxış edərək təşəkkürünü bildirib, bu tədbirin keçirilməsinin İctimai Birlik tərəfindən CÇM-nın işinə bir növ dəstək olduğunu, məhkumların problemlərinin həlli yollarının birlikdə axtarılmasının təqdirəlayiq iş olduğunu söyləyib.

Tədbirlər Planına müvafiq olaraq ƏN PX ilə birgə bu səpkidə görüşlər mütəmadi olaraq davam etdiriləcək və əlil məhkumlarla bağlı müəyyən problem və çətinliklər ictimai nəzarətə götürüləcək.



Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı