
Yanvarın 13-də "İnsan Haqları Uğrunda" İctimai Birliyin monitorinq qrupu 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. İctimai Birliyin sədri, monitorinq qrupunun rəhbəri Eynulla Fətullayevin Modern.az-a verdiyi məlumata görə, monitorinqin məqsədi cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin yoxlanılması və bu müəssisədə saxlanan vicdan məhbuslarının durumunun təhqiqi, problemlərinin aşkar edilməsi olub. Monitorinqə vadar edən səbəblərdən biri də müəssisədə saxlanan vicdan məhbusu Bəxtiyyar Hacıyevin E.Fətullayevə görüşlə bağlı etdiyi müraciət olub.
Monitorinq zamanı qrupun rəyi ondan ibarətdir ki, 14 saylı müəssisədə ən böyük problem bu həbsxananın karyerləin əhatəsində yerləşməsidir və burada daima tozlu havanın olmasıdır. Bu məhkumların səhhəti üçün həddən ziyadə təhlükə törədir, onların sağlamlığına garşısıalınmaz fəsadlar törədir. Ən böyük problemlər sırasında - su təminatında yaranmış problemdir. Təxminən üç gündür ki, müəssisənin və ümumiyyətlə Puta qəsəbəsinin su ilə təminatında ciddi problemlər yaranıb. Eyni zamanda, son aylar ərzində müəssisədə müsbət işlər də görülüb. Belə ki, ötən ay bütün yataqxanalarda yer döşəmələri taxtadan salınıb. Müəssisədə yüksək standartlara uyğun yeni hamam inşa olunub. Təmir işləri üçün dövlət tərəfindən ayrılan vasait hesabına görüş otaqlarında, sanitar-gigiyenik qovşaqda əsaslı təmir işləri aparılır.
"Bəxtiyyar Hacıyevin əhval-ruhiyyəsi çox yaxşıdır. Saxlanma şəraiti ilə bağlı heç bir şikayəti olmayıb", deyən E.Fətullayev B.Hacıyevin əsas iradı onun hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq kampaniyanın zəif aparılması ilə bağlı olub. Hüquq-müdafiəçisi bildirdi ki, B.Hacıyevlə onun müdafiə kampaniyasının özəllikləri ilə bağlı ciddi müzakirələr aparıblar.
Eynulla Fətullayev AXCP funksionerləri Samir Kərimli və Şahin Həsənli ilə görüş barəsində də məlumat verib. "Onların da saxlanma şəraiti ilə bağlı şikayəti olmadı. Mənə dedilər ki, onlarla yüksək hörmətlə davranırlar. Yalnız Şahin Həsənlinin səhhətində problemlər yaranıb. O, radikulitdən əziyyət çəkir, mədə-bağıqsaq sistemində də problemləri var. Buna görə, Şahin bəyi tibbi hissəyə yerləşdiriblər və hazırda ambulator müalicə alır. O, məndən xahiş etdi ki, müəyinə olunmaq üçün müalicə müəssisəsinə köçürülməsinə köməklik göstərim. Mən də öz növbəmdə Penitensiar Xidmətin rəhbərliyi qarşısında müvafiq vəsatətlə çıxış edəcəyimə söz verdim".
Monitorinq zamanı, E.Fətullayev hüquq-müdafiəçisi Vidadi İsgəndərli ilə də görüşüb. E.Fətullayevin verdiyi məlumata görə, Vidadi bəy hüquq-müdafiəçiləri tərəfindən ona münasibətdə biganəlikdən gileylənib.
"Vidadi İsgəndərli saxlanma şəraiti ilə bağlı şikayətlər təqdim etdi. O, sanitar qovşaqlarına növbədən əziyyət çəkdiyini, su təminatı ilə bağlı yaranan fasilələri, karantin zamanı məhkumların əməyə cəlb edilmədindən narazıdır. Vidadi İsgəndərli hesab edir ki, bu qeyri-insani rəftarın təzahürüdür. O, həm də hesab edir ki, onu müəssisədə AİDS və ya vərəm xəstəliklərinə qəsdən yoluxdurmaq istəyirlər. Ona qarşı təxribat hazırlanır. Mən də elə müəssisədə olarkən V.İsgəndərlinin sui-qəsd təhlükəsi ilə bağlı müəssisə rəisinin səlahiyyətlərini icra edən Nazim Kəngərliyə müraciət etdim. Rəis V.İsgəndərlinin oxşar məlumatla ona da müraciət etdiyini dedi və bildirdi ki, mən V.İsgəndirliyə yazılı şəkildə iltizam verməyə hazıram ki, onun bədgumanları tam əsassızdır və iltizamıma görə məsuliyyət də daşımağa hazıram".
Modern.az