Daha siyasi məhbus üzrə məruzəçi olmayacaq

“Avropa Şurası Parlament Assambleyası üçün (AŞPA) siyasi məhbuslarla bağlı yeni bir siyahının hazırlanmasına ehtiyac yoxdur. Siyasi məhbus məsələsi artıq qapanıb. İnanmıram ki, AŞPA məsələyə bu tərkibdə və qərəzli insanların təhriki ilə yenidən qayıtsın”.
Bu sözləri millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə
Modern.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslarla bağlı Kristofer Ştrasserin rədd edilmiş məruzəsinə münasibət bildirərkən deyib.
“Digər insanların da azad olunması üçün danışıqlar gedir”
“Söhbət indi hüquq müdafiəçilərinin monitorinq qrupunun siyahısında olan 7-8 nəfərdən gedir. Biz bu məsələlərin həllinə ölkə daxilində danışıqlar aparmaqla, görüşlər keçirməklə nail olmuşuq. Digər insanların da azad olunması üçün danışıqlar gedir”.
Ç.Qənizadənin sözlərinə görə, belə məsələlərin hansısa xarici məruzəçilərin hazırladığı sənədlə həllinin tərəfdarı deyil. “Digər insanların da azad olunması üçün danışıqlar gedir. Ona görə də, yeni bir siyahının hazırlanmasına ehtiyac yoxdur”.
“Azərbaycanda siyasi məhbus məsələsi bağlandı”
Digər hüquq müdafiəçisi Eynulla Fətullayevin fikrincə, K.Ştrasserin son iflasından sonra Azərbaycanda siyasi məhbus məsələsi demək olar ki, bağlandı. Onun sözlərinə görə, Ştrasser bu məsələdə çox ciddi qüsurlara yol verib:
“Bu barədə Ştrasserə, Avropa Şurasının İnsan haqları və hüququ məsələlər üzrə komitə katibliyinin rəhbərliyinə öz fikirlərimi bildirmişəm. Bildiyimiz kimi, onun siyahısında siyasi məhbuslar 85 nəfərdən ibarət idi. Həmin 85 nəfərdən 45 nəfəri azadlığa buraxılıb. Azadlığa çıxmış şəxsləri siyahıya salmaq, onları siyasi məhbus kimi qələmə vermək nə məna daşıyırdı? Məna bir idi ki, məsələni şişirtmək, problemi qabartmaq və bir az obyektivlikdən uzaq məruzə yaratmaq. Bu siyahı bütün nəzər və diqqətləri Azərbaycana yönəltmək məqsədi daşıyırdı. Halbuki, Gürcüstan parlamenti rəsmi olaraq Gürcüstanda 180 siyasi məhbusun olması haqqında xüsusi qətnamə qəbul edib. ATƏT-in hesablamalarına görə, Türkiyədə 120-dən artıq jurnalist həbsdədir, üstəlik 100-dən artıq şəxs “Ergenekon” işi ilə bağlı həbsdədir. Rusiyada prezident yanında İctimai Palatanın yekdil qərarına görə, ölkədə 70-dən artıq siyasi məhbus var. Bu qədər problemli ölkələrdən yalnız Azərbaycanı seçərək 85 nəfərlik süni siyahı tərtib edərkən AŞPA-da narazılıq yaradacağı məlum idi. Bu siyahının qəbuluna ümid az idi. Ona görə də, səsvermədə fərq o saat bilindi”.
Hüquq müdafiəçisi onu da bildirib ki, artıq Ştrasserin mandatı bitib və o, siyasi məhbuslar üzrə məruzəçi deyil. “İnanmıram ki, AŞPA nəinki Azərbaycanla, hətta başqa ölkələrlə də bağlı yeni siyasi məhbuslar məsələsi üzrə məruzəçi təyin etsin”.
Gültəkin Ələsgər