Ədliyyə Nazirliyi İsmayıllı hadisələrində həbs edilən Xəyal Şaranovun saxlanıldığı Kürdəxanı təcridxanasında aclıq aksiyasına başlaması haqda məlumatlara aydınlıq gətirib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Modern.az-a açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib. Onun sözlərinə görə, aclıq aksiyası keçirmək məhkumun hüququdur.
M.Sadıqov qeyd edib ki, əgər məhkum Xəyal Şaranov aclıq edirsə, bu haqda müraciət etməlidir.
“Belə aksiya olan halda həmin məhbus digər məhkumlardan təcrid olunub və həkim nəzarətinə götürülür. Əgər onun səhhətində aclıqla bağlı hər hansı fəsad olarsa, həkim müdaxilə edir. Bu məhkumun hüququdur. Əsas şərt odur ki, aclıq aksiyasınl keçirməyə əsaslı şərt olsun. Bu onun məhkumluq hüququdur. Qeyd edib ki, məhkum aclıq aksiyası keçirmək istəyirsə, müraciət etməlidir”.
İsmayıllı hadisələrində həbs olunan məhbuslardan birinə vəkillik edən Xalid Bağırov da məsələ münasibət açıqlayıb. Vəkil Modern.az-a açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyətinin pis olmadığını deyib. O həmçinin məlum olaylar bağlı açılan cinayət işinin gedişində heç bir yeniliyin olmadığını, rəsmi qurumların bu istiqamətdə fəaliyyətsiz olduğunu qeyd edib.
Qeyd edək ki, İsmayıllı hadisələrinə görə həbs olunmuş Xəyal Şaranov saxlanıldığı Kürdəxanı təcridxanasında aclıq aksiyası keçirir. Xəbəri Xəyalın atası Sergey Şaranov “Azadlıq”-a təsdiq edərək bildirib ki, oğlu artıq 4 gündür aclıq aksiyasına başlayıb.
Anar RÜSTƏMOV