
Bir qrup sahibkar özünü “Gilan Holdinq”in nümayəndəsi kimi qələmə verən şəxs tərəfindən təzyiqlərə məruz qaldığını bəyan edib. Bununla əlaqədar həmin sahibkarlar sabah Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəklər.
Sabahki tədbirin təşkilatçıları olan iş adamları isə Modern.az saytına bildiriblər ki, özünü yalandan “Gilan Holdinq”in nümayəndəsi kimi təqdim edən şəxs bir qrup sahibkar qarşısına qeyri-qanuni şərtlər qoymaqla onların fəaliyyətinə maneəçiliklər törədir. Həmin şəxsin kimliyi sabah açıqlanacaq.
“Gilan Holdinq”in hüquqşünası Vüsal Dadaşov isə Modern.az-a açıqlamasında onlarda belə bir məlumatın olmadığını bildirdi.
“Şirkət olaraq heç kimə belə bir səlahiyyət verməmişik, heç kim də “Gilan Holdinq”in adından istifadə edə bilməz. Ümumiyyətlə, belə bir adam tanımırıq. Sahibkarların şikayətindən də xəbərdar deyilik”.
Qeyd edək ki, “Gilan Holdinq” Azərbaycanda ən böyük şirkətlərdən biridir. Holdinq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin idarəçiliyindədir. Belə ki, nazirin böyük oğlu Tale Heydərovun “Gilan Holdinq”in İdarə Heyətinin sədri, onun qardaşı Nicat Heydərovun isə sədr müavini olduğu bildirilir.
Holdinqin Azərbaycanda, İngiltərədə, Almaniyada ofisləri var. «Gilan Holdinq»in tərkibinə bir çox şirkətlər daxildir. Məsələn, tikinti materiallarının istehsalı zavodları – «Gilan İnşaat», spirtli içkilər istehsal edən “Gilan Alko” spirt zavodu, Qəbələ Konserv Zavodu, Qəbələ Fındıq Emalı Zavodu, Bakı «Jalə» suları zavodu, Qəbələ Süd Emalı Zavodu, dəri emalı zavodu, tikiş fabrikləri, dəyirmanlar, makaron zavodları, gips, beton, kərpic və asfalt zavodları, «Qəbələ» və «Gilan» hotelləri, «İpək yolu» və «Dəniz» restoranları bu sıradadır.
Hakimiyyətin ən nüfuzlu nazirlərindən birinə yaxın şirkətin adından qanunsuz olaraq istifadə edib, sahibkarlara maneçilik törədən şəxsin kimliyi maraq doğurur.
Gültəkin Ələsgər