Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin 5 illiyi ilə bağlı yubiley toplantısı keçirilib. “Park İnn” otelində təşkil olunan mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, QHT rəhbərləri iştirak ediblər.
Tədbirdə ilk olaraq QHT Şurasının 5 illik fəaliyyətini özündə əks etdirən kitab və film təqdim edilib.
QHT Şurasının sədri Azay Quliyev 5 illik fəaliyyətlə bağlı görülən işlərdən danışıb. A.Quliyev QHT Şurasının vətəndaş cəmiyyətindəki rolundan geniş söz açıb. Şura sədri Azay Quliyev bildirib ki, təmsil etdiyi qurum Azərbaycan prezidentinin 13 dekabr 2007-ci il tarixli fərmanı ilə yaradılıb, 2008-ci il aprelin 16-dan Şura üzvlərinin təyin olunması ilə fəaliyyətə başlayıb. Quliyev qeyd edib ki, ötən 5 il ərzində Şura Azərbaycan cəmiyyəti, hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışıb.“Ötən 5 il ərzində Şura Azərbaycan cəmiyyəti, hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası indiyə kimi 1500-dən artıq layihəni dəstəkləyib, layihələr çərçivəsində 2000-ə yaxın təlim keçirilib, 21 film, 67 elektron resurs yaradılıb, 152 kitab nəşr edilib”.
Mərasimə qatılan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxış edib. PA rəsmisi bildirib ki, Şura QHT-lərlə vətəndaş cəmiyyəti institutları arasında mühüm bir əməkdaşlıq körpüsünə çevrilib. Ə. Həsənov QHT-hökumət tərəfdaşlığı və dialoqunun daim davam etdirilməsini vacib sayıb. QHT-ləri narahat edən məsələləri həmişə hökumətin diqqət mərkəzində olduğunu deyib.
Ə. Həsənov eyni zamanda Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri birmənalı olaraq dəstəklədiyini bildirib. O qeyd edib ki, QHT-lər Azərbaycanın maraqlarının xaricdə qorunması və təmin olunması istiqamətində də öz potensiallarından istifadə edirlər: “Şura bu yaxınlarda xaricdəki qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edəcək və bu, çox mühüm hadisədir. Bəs vətəndaş təşəbbüslərinin nəzərə alınması necə olur? Bizi vətəndaş hüquqlarının pozulmasında ittiham edənlərin də nəzərinə bunu da çatdırmalıyıq. Bizi tənqid edən müəyyən QHT-lər, islamafobiyaya tutulmuş QHT-lər var. Onlar bəlli dövlətlərin, güclərin maraqlarını yerinə yetirərək müəyyən dövlətlərə qarşı təbliğat aparırlar”. PA rəsmisi “Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almış heç bir QHT Azərbaycan hakimiyyətindən sifariş aldığını deyə bilməz”. – deyə çıxışına əlavə edib.




Elçin AĞAYEV