Modern.az

Mübariz Qurbanlı: “Səməd Vurğuna daş atan özünə daş atır”

Mübariz Qurbanlı: “Səməd Vurğuna daş atan özünə daş atır”

Təhsil

23 Aprel 2013, 10:04

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan millıt vəkili Mübariz Qurbanlı Azərbaycan Demokrat Partiyasının sədri Sədar Cəlaloğlunun xalq şairi Səməd Vurğun barədə dedikləri təhqiramiz ifadələrə münasibət bildirib.

Deputat Modern.az saytına deyib ki, Səməd Vurğun min illər boyu yaşayacaq şairlərdəndir:

“Onun yazdığı bütün əsərləri oxuyan şəxs görkəmli şairimiz haqda bu cür ifadələr düşünə bilməz. Məndə belə təəssürat yaranır ki, Sərdar Cəlaloğlu Səməd Vurğun yaradıcılığından xəbərsizdir. O, şairin əsərlərindən bu və ya digər məqamları yadında saxlayıb və bundan istifadə edərək nəyə görəsə bu məsələni gündəmə gətirib. O, yalnız gündəmdə qalmaq üçün bu cür addımları atır. Medianın “qəhrəmanına” çevrilmək istəyir. Səməd Vurğunun yaradıcılığına bu cür yanaşma onun hansısa əsərindəki tarixi şəxsiyyətlərlə bağlı və bədii obrazların dili barədə fikrə istinad edərək təftiş aparmağa cəhd yolverilməzdir. Belə yanaşma cəhdi ilə Nizamini, Füzulini, Cavidi, Müşfiqi də ittiham etmək olar. Səməd Vurğun dünyasına daş atmaq özünə daş atma kimi bir şeydir. Mən sosial şəbəkələrdə və televiziyada görmədim ki, bir nəfər belə, Sərdar Cəlaloğlunun fikirlərinə şərik olsun, dəstək olsun. Səməd Vurğun “Vaqif” pyesində Qacar obrazını yaradıb. Bu obrazla o, öz milliliyindən uzaqlaşmış azərbaycanlı şahın obrazını yaratmaq istəyib. Şairin Vaqifin dili ilə dediyi bir söz var:


Ağılsız köpəklər ulduza hürər...

Azərbaycan və onu tarixinə, milli düşüncəsinə qarşı çıxmaq ağılsız köpəklərin ulduza hürməsi kimi Vaqifin dili ilə deyilir”.

M.Qurbanlı bildirib ki, bədii əsərdə bütövlükdə tarixi mütəfəkkirlərimizə qiymət verəndə heç zaman bugünkü zamanla onu dəyərləndirmək olmaz:
“Mən bu yaxınlarda bir yazı oxudum. Məhəmməd Əmin Rəsulzadə Türkiyədə olarkən ona deyirlər ki, Səməd Vurğun hansısa əsərində sənə qarşı olub. O isə cavabında bildirir ki, “Səməd düzgün edib. Çünki, Azərbaycanda mənim adımı çəkmək yasaqdır. O mənim adımı çəkməklə məni sanki Azərbaycana qaytarıb”. Amma bu gün “26-lar” poemasına istinad edərək Səməd Vurğuna qarşı bu cür ifadələr işlətmək yolverilməzdir. Orada Məhəmməd Əmin Rəzulzadənin adının çəkilməsi böyük bir addımdır. Mən Səməd Vurğunun Azərbaycan xalqı üçün etdiklərini kiminsə unutmasını nankorluq sayıram”.

Deputat tələbə vaxtlarından yadında qalan bir məqamı xatırlayıb: “Bizim bir tələbə yoldaşımız Azərbaycan haqda şeir yazmışdı. O zaman tarix fakültəsi ilə filologiya fakültəsi eyni binada yerləşirdi. Mərhum Bəxtiyar Vahabzadə orada dərs deyirdi. Bizim həmin tələbə yoldaşımız Bəxtiyar Vahabzadə dərsdən çıxanda ona yaxınlaşıb deyir ki, “hörmətli şair, Azərbaycan barədə şeir yazmışam”. Bilirsiniz Bəxtiyar nə cavab verir, deyir ki, “oğul, Səməd Vurğundan sonra Azərbaycan haqda şeir yazmaq lazım deyil”.
Hesab edirəm ki, Sərdar Cəloğoluna ən yaxşı cavab, gündəmdən çıxarmaq üçün ona cavab verməməkdir. İndi görün siyasətlə məşğul olduğunu iddia edən və böyük iddialar içində bulunan bu şəxs nəyə əl atır”.

M.Qurbanlı qeyd edib ki, bir çox xarici ölkələrdə tarixi şəxsiyyətlərin hüquqlarının qorunması üçün qanunlar işlənib hazırlanıb:
“Bu qanun onların tarixi irsini qoruyur. Bu gün Vaqif Səmədoğlu, eyni zamnda şairin yaradıcılığına hörmət edənlər bu təhqirlərə lazımi cavab verib. Amma bu ifadənin nə demək olduğunu düşünməyən insan özünü o səviyyəyə endirmiş olur. Bu hadisə bir neçə yüz il sonra baş versəydi buna kim cavab verəcəkdi. Amerikada Corc Vaşinqton haqda hər hansı yazı yazılsa idi, buna artıq Amerika dövləti cavabdeh olacaqdı. Ona görə mən onun tərəfdarıyam ki, bizdə də belə bir qanun hazırlanıb qəbul edilsin”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı