Modern.az

Qarabağ problemi AŞPA-da müzakirə edildi

Qarabağ problemi AŞPA-da müzakirə edildi

Təhsil

23 Aprel 2013, 12:07

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Dağlıq Qarabağ problemi ilə bağlı məsələ qaldırılıb. Modern.az AzərTAc-a istinadən bildirir ki, aprelin 22-də keçirilən toplantıda söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin sədri, Andorranın xarici işlər naziri Jilber Saboya Sunyeyə sual verib “Ermənistan müxtəlif xarici qüvvələr və dövlətlərin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini işğal edərək 20 ildən artıq müddətdə nəzarətdə saxlayır. Avropa Şurasının üzvlüyünə qəbul edilərkən Ermənistanın imzaladığı öhdəliklərdən biri də münaqişənin diplomatik vasitələrlə həll edilməsi məsələsidir. Lakin Ermənistan mütəmadi olaraq problemin dinc yolla həllinə maneələr yaradır, təxribat xarakterli, qızışdırıcı addımlar atır. Belə yolverilməz və təhlükəli hərəkələrdən biri 2013-cü il fevralın 21-də edilib. Ermənistan Azərbaycanın zəbt edilmiş Xankəndi şəhərinə aid olan Kosalar və Qaybalı yaşayış məntəqələri arasında nəhəng silah zavodunun tikintisinə başlamaq qərarı verib. Nazirlər Komitəsi sülh prosesinə ciddi zərbə ola biləcək və Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmaya təhrik edən bu təşəbbüsün qarşısının alınması üçün öz səlahiyyətləri çərçivəsində hansı tədbirləri görə bilər?”

Nazirlər Komitəsinin sədri deyib ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə Avropa Şurasını ən çox narahat edən problemlərdəndir: “Bu ilin martında Yerevana, aprel ayında Bakıya səfəri zamanı Nazirlər Komitəsinin missiyası bu məsələni növbəti dəfə müzakirə edib. Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olarkən münaqişənin sülh yolu ilə həllinə nail olmağı əsas öhdəliklərdən biri kimi qəbul ediblər. Avropa Şurası isə hər iki tərəfdən bu öhdəliyə sadiq olmalarını istəyir. Ona görə də münaqişənin kəskinləşməsinə yönələn istənilən cəhd narahatlıq doğurur və Avropa Şurasının Nazirlər Komitəsi bu halları pisləyir. Nazirlər Komitəsi münaqişənin sülh yolu ilə həllinə maneələr yaradan belə arzuolunmaz təşəbbüslərin aradan qaldırılması üçün bütün səylərini sərf etmək əzmindədir”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin digər üzvü Qənirə Paşayeva da sədrə sualla müraciət edib: “Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu bu günədək məcburi köçkünlərin öz evlərinə dönə bilməsi istiqamətində heç bir nəticə əldə edə bilməyib. Avropa Şurası bu istiqamətdə hansı addımlar atmalıdır? Avropa Şurasının üzvü olan Azərbaycanın torpaqlarının qurumun digər üzvü olan Ermənistan tərəfindən işğal olunmasına və bu işğalın davam etməsinə sədr kimi münasibətiniz necədir?”

Sədrin cavabı belə olub: “Azərbaycandakı vəziyyəti diqqətlə izləyirik. Əlbəttə, Nazirlər Komitəsi lazım gəldikdə hər cür yardım göstərməyə hazırdır. Münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlıların doğma yurdlarına qayıtması məsələsinə gəldikdə, Nazirlər Komitəsi bu istiqamətdə öz mövqeyini dəfələrlə bəyan edib”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı