Modern.az

Mikayıl Cabbarov nazir kimi ilk rəsmi görüşünü keçirib

Mikayıl Cabbarov nazir kimi ilk rəsmi görüşünü keçirib

Təhsil

23 Aprel 2013, 12:38


Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirmişdir. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırıb.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilk öncə təhsil naziri Mikayıl Cabbarova yeni işində uğurlar arzulayıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan səfir təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnac səmimi qəbula görə təhsil naziri Mikayıl Cabbarova təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun 2010-cu ildən fəaliyyət göstərdiyini söyləyən komitə sədri Azərbaycanla təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını nəzərə çatdırıb.

Türkiyənin ali təhsil sahəsində əldə etdiyi təcrübənin Azərbaycanla bölüşməsinin zəruriliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlıqda tələbə mübadiləsinin əhəmiyyətindən bəhs etmişdir. Kamal Yurtnac Türkiyə universitetlərində oxuyan əcnəbi tələbələrin təhsil göstəriciləri ilə yaxından tanış olduqlarını, ayrı-ayrı ölkələrdən olan tələbələrin təhsildəki uğurları əsasında təhlillər apardıqlarını bildirib.

Kamal Yurtnac bu il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbə üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu söyləyib. Komitə sədri aparılacaq seçimlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrinə və  müvafiq mütəxəssislərdən ibarət komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcəyini qeyd etmişdir. Qonaq, həmçinin azərbaycanlı tələbələrə Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq və müvafiq ixtisaslar üzrə seçim etmək imkanı yaradılacağını nəzərə çatdırıb.

Təhsil naziri Mikayıl Cabbarov azərbaycanlı tələbələrin Türkiyənin qabaqcıl universitetlərində təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərimizə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ölkələrimiz arasında təhsil əlaqələrinin müasir tələblər səviyyəsində inkişafı ilə bağlı müvafiq təkliflər səsləndirilib.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova da iştirak edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı