Türkiyənin dövlət telekanalı olan TRT yaranmasının 49-cu ildönümü münasibəti ilə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bir millət, iki dövlət’’ adlı konsert proqramı təşkil edəcək. TRT-nin Bakı təmsilcisi Yüksel Değercanın Modern.az-a verdiyi məlumatına görə, mərhum prezidentin adını daşıyan H.Əliyev Sarayında gerçəkləşəcək konsertdə TRT-nin məşhur "Akşam Sefası’’ musiqi ansamblı çıxış edəcək. Konsert 1 may 2013 tarixində olacaq.
TRT-nin baş direktoru İbrahim Şahinin rəhbərliyi altında “TRT Müzik” kanalının 40 nəfərlik musiqi heyəti mayın 1-də azərbaycanlı tamaşaçılara sənət ziyafəti verəcək. TRT-nin ən tanınmış sənətçilərinin verəcəyi konsertdə iki azərbaycanlı sənətçı də çıxış edəcək. Konsert proqramında Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımov ilə tanınmış sənətçı Tünzalə Ağayeva ilə yanaşı Türkiyənin Azərbaycanda yaşayan opera sənətçisi Oya Ergün də çıxış edəcək.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə Bakı Mədəniyyət və Tanıtma Müşavirliyi, "İstanbul Shopping Festival"ın sponsorluğu ilə təşkil ediləcək konsert proqramı TRT 3 kanalı və İçtimai Televiziya ilə canlı yayımlanacaq.
Konsertə siyasət, incəsənət, ədəbiyyat, media nümayəndələri, iş adamları və diplomatlarla yanaşı Azərbaycan və Türkiyə vətəndaşları dəvətlidir.
Azərbaycan Prezident Administrasiyasının dəvəti ilə Bakıda rəsmi səfərdə olan TRT baş direktoru İbrahim Şahin də konsertdə qonaqlar arasında olacaq.
Modern.az