“Statistikaya əsasən hər 1000 nəfərə 10,5 uşaq, 100.000 nəfərə isə 11 ana ölümü düşür”. Bunu Modern.az-a xüsusi açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib. O, qeyd edib ki, ana və uşaq ölümlərinin sayında artım yoxdur: “Statistika da bunu deyir. Rəqəmlər göstərir ki, son illərdə ana və uşaq ölümü hallarında artım yoxdur. Əlbəttə, burada dövlətin səhiyyə sahəsində gördüyü işlərin də rolu var. Əsasən də gənc ailələrin bu sahədə maariflənməsində ehtiyac var. Məsələn, ortada reproduktiv sağlamlıq məsələsi var. Bununla bağlı qanun müzakirəsi də gedir. Ümid edirik ki, qanun layihəsi qəbul olunacaq. Statistikaya əsasən hər 1000 nəfərə 10,5 uşaq, 100.000-nə isə 11 ana ölümü düşür. Yəni ötən illərin statistikası ilə müqayisədə ana və uşaq ölümündə artım yoxdur”, – deyə Aynur Sofiyeva bildirib.
Aynur Sofiyeva daha sonra uşaqların icbari əməyə cəlb olunmasından söz açıb. O bildirib ki, şagirdlərin dərs vaxtı icbari əməyə cəlb olunması ilə bağlı monitorinqlər aparılır:
“Təhsildən yayınma ilə bağlı dövlət proqramına əsasən monitorinqlər aparırıq. Monitorinqlər göstərir ki, hələ ki, bununla bağlı ağır vəziyyət yoxdur. Amma konkret faktlar var ki, uşaqlar təhsildən yayınır. Bu erkən nikahlar zamanı, uşaqların ailələrdə ailə təsərrüfatlarına cəlb olunması vaxtı baş verir. Monitorinqlər yekunlaşandan sonra nəticə olaraq bu istiqamətdə iş aparılacaq”.
Gültəkin ƏLƏSGƏR