Aprelin 14-də Müsavat partiyası meriya binası qarşısına icazəsiz piket keçirməyə cəhd edib. 30-dan çox piket iştirakçısı saxlanıb.
AzadlıqRadiosunun müxbirinin məlumatına görə, müxalifətçilər «İçəri Şəhər» stansiyası qarşısında «Azadlıq», «Müsavat» şüarları səsləndiriblər. Şüar səsləndirənlər polis tərəfindən saxlanaraq, avtobuslarda aparılıb.
Aksiya iştirakçılarının avtobusda da şüarlarını səsləndirirdikləri bildirilir.
Hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis general-mayoru Yaşar Əliyevj urnalistlərə açıqlamasında bildirib ki, Bakının 11 rayonunda kütləvi aksiyalar üçün yerlər ayrılıb. İstənilən vaxt müraciət edib orda aksiya keçirə bilərlər. Y.Əliyev 6-7 nəfərin polisin tələbinə tabe olmadığına görə saxlandığını bildirib və tutulanların sayının 40-dan çox olması barədə deyilənləri təkzib edib.
Aprelin 13-də Bakı Şəhər İcra Hakimiyyəti Müsavat partiyasının piketinə icazə verməyib.
Müsavat partiyası isə bildirib ki, meriyanın cavabından asılı olmayaraq piket keçirmək niyyətindədir.
Partiya piketi sərbəst toplaşmaq azadlığının bərpa olunması tələbi ilə keçirmək istəyirdi.