Modern.az

Əli Əmirli “Azdrama” direktoru ilə mübahisəni təsdiqlədi: “Elə söhbət olub”

Əli Əmirli “Azdrama” direktoru ilə mübahisəni təsdiqlədi: “Elə söhbət olub”

Образование

18 Sentyabr 2013, 16:46

Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun son açıqlamaları teatr icmasına partlamış bomba effekti verib. “Azdrama” direktoru  dramaturqdan tutmuş rejissor və aktyorlara kimi bir çoxlarını tənqid atəşinə tutub. İsrafil İsrafilovun iradlarına eyni ahənglə cavab verənlər də var, onunla razılaşanlar da.

İttihamlara tuş gələnlərdən biri – yazıçı-dramaturq Əli Əmirli Modern.az-a açıqlamasında İ.İsrafilovun qaldırdığı bir çox məsələlərlə həm razılaşdığını, həm də razılaşmadığını bildirib:
“Sentyabrın 21-də “Şah Qacar” pyesinin premyerasıdır. İsrafil İsrafilov pyesimi bəyənməsəydi, onun tamaşasına izn verməzdi. Ölkənin ən tanınmış, böyük rejissoru o əsəri hazırlayıb, ölkənin ən böyük aktyoru Fuad Poladov baş roldadır və müəllif də Əli Əmirlidir. Bu özü məgər az söz deyir?”. 

İsrafil İsrafilovun “Əli Əmirlinin əsərinin 19 səhifəsini oxudum, heç nə başa düşmədim” fikrinə münasibət bildirən dramaturq qeyd edib ki, bu söhbət təkbətək olub.
“Mənə dedi ki, müsahibədə onun fikrini kəsiblər, yarımçıq veriblər. “İki aktrisa üçün baş rol” adlı pyesim var. İsrafil İsrafilov bu pyesi çox bəyənib. Amma söhbətimizdə belə bir şey olmuşdu. İsrafil İsrafilov oxuduğu yerə qədər hadisə görmədiyini bildirmişdi. Yəni bu iradları müəyyən danışıqlar, yaradıcılıq söhbətləri əsnasında düzəldilməsi mümkündür. Həmin pyes çox maraqlıdır və İsrafil İsrafilovun də çox xoşuna gəlib. Hətta teatr direktoru onun sözlərini çoxaldıb. Bəzi aktyorlara, rejissorlara tövsiyə edib ki, yaxşı bir əsər kimi oxusunlar. Burada problemli bir şey yoxdur. Sadəcə, İsrafilovun bəzi sözləri kontekstdən çıxarılıb. Yəqin qalmaqal həvəskarı olan jurnalistlər onun dediklərini bu cür veriblər”.

Daha sonra Ə.Əmirli deyib: “Akademik Milli Dram Teatrına İsrafil İsrafilovun təyinatından sonra mənim “Messenat” əsərim bərpa edildi. “Şah Qacar”a bu cür yüksək səviyyəli münasibət oldu. Həmin tamaşanın sınaq premyerası oldu və çox uğur qazandı. Hətta tamaşa haqqında 5 resenziya da çıxdı. Ayın 21-də “Şah Qacar”ın böyük premyerası olacaq”.

Ə. Əmirli özünün “Şah Qacar” pyesi ilə Səməd Vurğun “Vaqif” pyesi arasında paralellər aparıb.
“Bilirik ki, “Vaqif” əsərinin hazırlanması, tamaşaya qoyulması üçün Ədil İsgəndərovla Səməd Vurğun kimi şair uzun aylar işləyiblər. Azərbaycanda onun qədər populyar əsər olmayıb. Mənim “Şah Qacar”ım isə Səməd Vurğunun Qacarından təbii ki, köklü şəkildə fərqlənir. Mən Ağa Məhəmməd şah Qacarın obrazını olduğu kimi, tarixdə tanıdığımız kimi verməyə çalışmışam. Hesab edirəm ki, maraqlı bir tamaşa alınıb”

Yazıçı-dramaturq Əli Əmirli İsrafil İsrafilovun səsləndirdiyi bəzi iradlarla razılaşmadığını da bildirdi. Onun sözlərinə görə, elə məqamlar var idi ki, onları danışıq, görüş yolu ilə də yoluna qoymaq olardı. “Məsələn, təhsil naziri ilə görüşmək olardı. İnanıram ki, təhsil naziri proqressiv adamdır. Onunla üzbəüz görüş zamanı məsələni həll etmək mümkündür. İstərdim ki, Azərbaycan məmurları teatra diqqətlə yanaşsınlar. Teatr böyük mədəniyyətdir, onu itirmək olmaz. Azərbaycanın qavradığı, mənimsədiyi bu mədəniyyəti itirməməliyik, inkişaf etdirməliyik”.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı