“Neftçilər günü” ərəfəsində Tərtər, Ağstafa, Ağsu, Lənkəran, Masallı, Yardımlı, Şamaxı, Qəbələ, Füzuli rayonlarının daha 15 kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Tərtər rayonunun Düyərli, Ağstafa rayonunun Qarahəsənli, Ağsu rayonunun İlxıçı və Hacısəmədli, Lənkəran rayonunun Mamusta və Ballabur, Masallı rayonunun Kürdəbaz, Şəhriyar və Qarğalıq, Yardımlı rayonunun Ünəş, Şamaxının Laləzər, Aşkar və Quşçu, Qəbələnin Nohurqışlaq kəndlərində də sakinlər mavi yanacaq verilməsininsevincini yaşayıblar.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsinə də təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüququ mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçisi, ictimaiyyət nümayəndələri, qəsəbə ağsaqqalları iştirak ediblər. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verib, sakinləri təbii qazın verilməsi münasibəti ilə təbrik edib. Qeyd edək ki, birpilləli sistem əsasında ümumilikdə 10826 metr uzunluğunda polietilen borularla daşıyıcı və 10337 metr uzunluğunda metal borularla qəsəbədaxili qaz xətləri çəkilib, 401 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonra rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.
Modern.az