
Türkiyənin “Samanyolu” telekanalının dünyaca populyar “Ayna” proqramı Azərbaycanla bağlı veriliş hazırlayıb. Modern.az xəbər verir ki, Azərbaycanla bağlı hazırlanan veriliş sentyabrın 21-də Türkiyə saatı ilə 23:00-da (Bakı saatı ilə sentyabrın 24-ü saat 01:00-da), sentyabrın 29-u isə Türkiyə saatı ilə 10:30-da (Bakı vaxtı ilə sentyabrın 29-da 12:30-da) Türkiyənin STV kanalında yayımlanacaq.
Qeyd edək ki, Türkiyənin “Samanyolu” telekanalının dünyaca populyar “Ayna” proqramının əməkdaşları bu ilin may ayında Bakıya gəliblər. 1992-ci ildən bu yana dünyanın 145 ölkəsi ilə bağlı verilişlər hazırlayan “Ayna” proqramının 5 əməkdaşı Azərbaycanla bağlı yeni veriliş hazırlamaq üçün Bakıda olublar. Heyətin aktiv üzvlərindən olan Mehmet Saim Orhan bildirib ki, bundan əvvəl iki dəfə Bakıda olsa da, bu dəfə bura gəlmələrinin səbəbi dəyişən paytaxtımızı dünyaya yeni tərzdə tanıtdırmaqdır.
“Heydər Əliyev iki ölkə arasında qardaşlıq münasibətlərinin yaranmasına çox böyük töhfələr verib. “Bir millət, iki dövlət” - bu fikirlər ona məxsusdur. Biz bütün dünyada bu fikri qəbul etdirməliyik. Bu gün İlham Əliyev bu yolu çox böyük şərəflə və uğurla davam etdirir. Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır və bu da azərbaycanlıların dünyada yerini göstərən bir amildir. Biz bu məsələləri öz proqramımızda qeyd edəcəyik”.
M.S.Orhan qeyd edib ki, Azərbaycanın çox müasir və modern gəncliyi var. “Muğam mədəniyyəti burada yüksək səviyyədədir. Biz proqramımızda Alim Qasımovun ifasına yer verəcəyik. Azərbaycanda olduğumuz müddətdə təhsillə də maraqlandıq, universitetlərdə olduq. Azərbaycan təhsili ilə də öndə gedən ölkələr sırasındadır. Azərbaycan insanında gördüyümüz böyük keyfiyyətlərdən biri də səmimi olmasıdır. Bu Azərbaycan xalqının xarakterik olan xüsusiyyətlərindən biridir”.