Modern.az

1200-ə yaxın Ahıska türkünə status verilib

1200-ə yaxın Ahıska türkünə status verilib

Təhsil

20 Sentyabr 2013, 15:46


“Hazırda 75 Ahıska türkünün vətənə qayıtması və Gürcüstanda vətəndaşlıq statusu alması üçün Gürcüstan prezidentinə müraciət edilib”. Bu sözləri Modern.az-a açıqlamasında Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Məmmədov deyib. O, qeyd edib ki, hazırda Ahıska türklərindən vətənə qayıdan olmayıb. “Amma Ahıska türklərinin vətənə qayıtmağı ilə bağlı 13 minə yaxın ərizə toplamışdıq. Gürcüstan dövləti tərəfindən 2007-ci ildə iyul ayının 11-də qəbul edilən qanunda göstərilən müddətə qədər biz 5428 ərizəni ingilis dilinə tərcümə edib Gürcüstan dövlətinə verə bildik. 5428 ərizədən 1200-ə yaxın Ahıska türkünə repatriant statusunu təsdiqləyən sənəd gəlib. Repatriant statusu alandan sonra 75 ailəyə, qanuna əsasən, Gürcüstan prezidentinin adına Gürcüstan vətəndaşlığının verilməsi ilə bağlı ərizə ilə müraciət etməsi bildirilib. Qanunda göstərilib ki, status almış şəxs iki il müddətində Gürcüstan prezidentinə vətəndaşlıq almaqla bağlı müraciət etməzsə, bundan sonra bu hüququ itirir”.

İ. Məmmədov bildirib ki, həmin 75 ailənin iki illik vaxtı bu ilin avqust ayında bitib. “Cəmiyyət olaraq iyul ayında artıq ərizələri hazırlayıb Gürcüstan tərəfinə təqdim etdik. Hələlik bu ailələrlə bağlı heç bir məlumat verilməyib”. İ. Məmmədov artıq 200-ə yaxın Ahıska türkünə repatriant statusunun verilməsi ilə bağlı sənədlərin Gürcüstanın Azərbaycandakı səfirliyinə göndərildiyini deyib. “Bu həftənin çərşənbə günü mənə zəng edib bildirdilər ki, artıq 200-ə yaxın ailənin prezident adına müraciət etmək üçün müraciətləri qəbul olunub. Amma bu günə qədər qanun əsasında 28 ailə köçüb ki, onlar hazırda Gürcüstanda yaşayır və onlar vətəndaşlıq da alıblar”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı