
Azərbaycan vətəndaş cəmiyyəti fəalı, Milli Şuranın sözçüsü Oqtay Gülalıyevin evinə basqın olub. Bu barədə Modern.az-a O.Gülalıyevin özü məlumat verib. O, bildirib ki, bir saat bundan öncə özünü polis kimi təqdim edən bir qrup şəxs onun evinə soxulublar və yaralı oğlu Əli Gülalıyeva fiziki təzyiq göstəriblər.
O.Gülalıyev və həyat yoldaşı hadisə zamanı evdə olmayıblar.
“Onlar yarası tam sağalmayan oğlum Əlini təhqir edərək saxta ifadə verməyə məcbur ediblər. “Deyərsən ki, bu işi törədən Rüstəm və Vahid adında şəxslərdir” deyə tələb ediblər. Rüstəm və Vahid isə Əlinin orta məktəbdə bir oxuduğu, tanıdığı uşaqlardır. Əli də bildirib ki, həmin uşaqları tanıyır və bu hadisəni onlar törətməyib. Gələnlər oğlumun bıçaqlanmasını həmin uçaqların boynuna qoyub işi bağlamaq istəyirlər. Çox gərgin vəziyyət yaranıb. Telefonla danışdıq, təkidlərimizə baxmayaraq, basqınçılar evdən çıxmaq istəmirdilər. Mənim 102-yə və aidiyyatı qurumlara zəngimdən və qonşuların müdaxiləsindən sonra saxta polisləri evdən çıxartmaq mümkün olub”.
Qeyd edək ki, sentyabrın 23-də axşam Azərbaycan vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin oğlu Əli Gülalıyeva hücum edilib. Onlar 16 yaşlı Əli Gülalıyevi döyüb və ona iki bıçaq xəsarəti yetiriblər. Gəncin vəziyyəti orta-ağır kimi səciyyələndirilir.
Gültəkin ƏLƏSGƏR