Konfliktə cəlb olunmuş Cənubi Qafqaz regionunun üç ölkəsində 2013-cü il prezident seçkiləri dönəmidir. İşğalçı Ermənistanda fevralda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə görə Serj Sərkisyan yenidən ölkə rəhbəri təyin olundu. Azərbaycanda isə qarşıdakı beş ildə də YAP namizədi İlham Əliyev prezidentliyini davam etdirəcək. Bundan sonra növbə Gürcüstanındır. Ümumi münaqişəyə cəlb olunmuş Ermənistan və Azərbaycanda ictimai maraq bir məsələyə yönəlib: növbəti beş ildə dəyişilməmiş siyasi hakimiyyətlər həlli dalana dirənən Qarabağ məsələsinin çözümünə nail ola biləcəklərmi?
Mövzunu Modern.az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi təkcə iqtidar komandalarının dəyişib-dəyişilməməsindən asılı deyil. “Mövcud situasiyada irəliləyiş gözlənilmir. İlham Əliyev və Serj Sərkisyan arasında da təmaslar xeyli azalıb. İki ölkə başçısı yalnız Rusiyanın vasitəçiliyi ilə yenidən görüşə bilər”. Siyasi ekspertin fikrincə, masa üzərində konkret olaraq həll planları olsa da, konkret olaraq müsbət nəticə yoxdur. “Bu faktoru nəzərə alsaq, deyə bilərik ki, iqtidarlar dəyişəcəyi təqdirdə də Qarabağ problemi həll olunmamış qalacaq. Hazırda da danışıqlarda durğunluq dövrüdür. Gələcəkdə Ermənistanın hər hansı təşəbbüs göstərməyəcək. Beynəlxalq aləm də aktivlik nümayiş etdirmir. Son zamanlar Azərbaycan rəsmiləri də artıq müharibə variantından danışmır. Azərbaycan hakimiyyəti müharibənin yaşadacağı problemləri nəzərə alıb bir qədər gözləmə mövqeyinə çəkilib”.Aqşin Kərimov