Modern.az

Yeni müdafiə nazirindən gözləntilər - TƏHLİL

Yeni müdafiə nazirindən gözləntilər - TƏHLİL

تحصیلات

23 Oktyabr 2013, 16:03


Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda ən çox ictimai müzakirəyə səbəb olan məsələ general Səfər Əbiyevin yeni hökumətin tərkibində yer almamasıdır. Daxili Qoşunların Komandanı Zakir Həsənovun müdafiə naziri təyin edilməsi cəmiyyətdə orduda ciddi islahatların olacağına inam yaradıb. Təbii ki, bu da səbəbsiz deyil. Səfər Əbiyevin müdafiə naziri olduğu müddətdə ordudakı vəziyyət hamıya məlum idi. Belə ki, atəşkəs olmasına baxmayaraq, demək olar ki, həftədə bir dəfə mediada əsgər ölümü ilə bağlı məlumatlar yer alırdı.

Ordudakı vəziyyəti göz önünə gətirmək üçün təkcə rəqəmlərə nəzər yetirmək kifayətdir. 2013-cü ilin sentyabrın ortalarınadək ordudakı itkilərinin sayı 54 nəfərə, yaralananların sayı 51 nəfərə çatıb.
Orduda baş verən ölüm halları ölkənin ictimai-siyasi həyatına da kifayət qədər ciddi təsir göstərib. Belə ki, ordudakı ölüm hadisələrinə etiraz olaraq bu ilin əvvəlində Bakıda irimiqyaslı aksiyalar keçirilib. Aksiyalarda əsas tələb və şüar da məhz müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsi idi.

Artıq ötən gündən bu tələb yerinə yetirilib desək, yalan olmaz. İndi hamı yeni nazirin atacağı addımları səbirsizliklə gözləyir. 

General Zakir Həsənovun müdafiə naziri kimi orduda ciddi islahatlar aparacağına inananlar da az deyil. Milli Orduda xidmət edən əsgərlərimizin qeyri-döyüş şəraitində dünyasını dəyişməsi və bu ölümlərin əksəriyyətinin müəmmalı qalması danılmaz faktdır. Komandirlərin əsgərlərdən rüşvət istəməsi, müxtəlif tələblər irəli sürməsi də bəzən son nəticədə ölümlərinə səbəb olur. Odur ki, hər kəs orduda baş verən əsgər ölümlərinə, hərbi hissələrdəki “dedovşina” hallarına, komandirin əsgərdən rüşvət olaraq kontur istəməsi kimi nizamnamədən kənar davranışlara nəhayət ki, son qoyulacağını gözləyir.

Yeni müdafiə naziri Zakir Həsənovun Daxili Qoşunların Komandanı vəzifəsində olduğu müddətdə Daxili Qoşunlarda çox ciddi nizam-intizam yaratdığı məlumdur. Onun Daxili Qoşunlara rəhbərlik etdiyi müddətdə bu silahlı birləşmədə əsgər ölümü halları yalnız bədbəxt hadisələr nəticəsində baş verib və Milli Ordu ilə müqayisədə belə olayların sayı kifayət qədər azdır.
Təbii ki, bunu Zakir Həsənovun işinə çox ciddi yanaşması ilə bağlayırlar. Odur ki, onun müdafiə naziri kimi orduda da ciddi nizam-intizam yaradacağı deyilir.

Nazirin tələbə yoldaşları da onun orduda çox peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı bir zabit kimi tanındığını vurğulayırlar. Elə bu səbəbdən Z.Həsənov xidmətlərinə görə, dəfələrlə təltif olunub.

1959-cu il iyunun 6-da Astara rayonunda anadan olmuş Zakir Həsənov 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

Prezidentin 17.01.2003-cü il tarixli 1130 saylı sərəncamı ilə daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 saylı fərmanı ilə Z. Həsənova general-mayor və 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə general-leytenant rütbəsi verilib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və milli təhlükəsizlik nazirinin 15.12.1998-ci il tarixli 0294 saylı əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilib.

Gültəkin ƏLƏSGƏR 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı