
Milli Məclisin yaz sessiyası yanvarın 15-də komitələrin iclası və fevralın 1-də plenar iclasla öz işinə başlayacaq. Bəs komitələr növbəti sessiyada hansı qanun layihələrini təqdim edəcəklər.
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov
Modern.az-a açıqlamasında bildirib ki, hazırda komitədə bir sıra qanun layihələrinin üzərində iş gedir. O, eyni zamanda ötən sessiyadan qalan qanun layihələrinin yenidən yaz sessiyasında müzakirəyə çıxarılacağını qeyd edib. ““Yaradıcı şəxslər və yaradıcı ittifaqları haqqında” qanun layihəsi ötən sessiyada birinci oxunuşdan keçdi. Bəzi mübahisəli məsələlər var və hazırda üzərində iş gedir. Onları dəqiqləşdirib, çox güman ki, yaz sessiyasına təqdim edəcəyik. Kifayət qədər maraqlı qanundur və dünyada da təcrübəsi var. Burada söhbət bədii yaradıcılıqdan gedir. Çünki istənilən xalqın mədəniyyətinin formalaşmasında yaradıcı şəxs mühüm faktordur. Azərbaycanda da artıq bu məsələ ilə bağlı böyük təcrübə var. Düşünürəm ki, qanunvericiliklə nizama salmaq üçün xeyli material mövcuddur”. Bundan əlavə, N. Cəfərov komitədə muğam, aşıq sənətinin inkişafı, kulinariya mədəniyyəti haqqında qanun layihələrinin də olduğunu bildirib.
“Daha bir layihəmiz kitabxanaların, xüsusilə Mərkəzi Kitabxananın zəruri kitab nüsxələri ilə təmin olunması ilə bağlıdır ki, bunun üzərində də iş gedir. Çünki həqiqətən bizdə yaxşı kitablar nəşr olunur. Amma daha çox özəl nəşriyyatlar bu kitabları çap etdiyi üçün onun nüsxələri kitabxanalara gedib çıxmır. Həm zəruri nüsxələr, həm də onların elektron variantı getməlidir. Bilirik ki, kitablar az nəşr olunur və xeyli vəsait tələb edir və bu qədər xərci nəşriyyatın üzərinə qoymaq olmaz. Biz də belə qərara gəlmişik ki, özəl nəşriyyatlar ölkədə mövcud olan bütün kitabxanaları təmin edə bilmirlərsə, onda nəşr etdikləri kitablardan 1-2 nüsxə Mərkəzi Kitabxanaya göndərsin, eyni zamanda elektron variantı göndərilsin ki, Mərkəzi Kitabxana ilə başqa kitabxanalar arasında mübadilə edə bilsinlər. Elektron variant o qədər də böyük maliyyə vəsaiti tələb etmir”, – deyə Komitə sədri vurğulayıb.
Aytən ƏLİYEVA