“Əvvəla çox təəssüf edirəm ki, mediada mövqeyimi öyrənmədən anestezioloq Firuz İbrahimovun mövqeyini veriblər. İkincisi, Elnarə Tofiqqızının ölüm səbəbi ilə bağlı 20 sentyabrda qoyulan diaqnoz, daha doğrusu, yanlış narkoz verilməsi haqqında açıqlama Firuz İbrahimovun yanında verilib. O, öz səhvini orda da etiraf edib”.
Bunu Modern.az saytına açıqlamasında mərhum tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev bildirib. “İlkin diaqnoz olaraq ağciyər çatışmazlığı qoyulub. Bu da birbaşa narkozla bağlıdır. Ekspertiza Anatomiya Birliyinin açıqlamasının yekun rəyində da bu bir daha təsdiqlənib”.
A. Niftəliyevin dediyinə görə, sonuncu dəfə dekabrın sonlarında Səhiyyə Nazirliyi baş anestezioloqun iştirakı ilə aparılan ekspertizanın nəticəsində göstərilmişdi ki, həm əməliyyatın edilməsi, həm də narkozla aparılması üsulunun seçilməsi yanlışdır.
“Səhiyyə Nazirliyi ağciyər çatışmazlığından keçinməni təsdiq edib. “Firuz İbrahimov deyir ki, 4 saat onu həyata qaytarmaq uğrunda mübarizə aparmışam. Bu artıq tərbiyəsizliyin maksimal həddidir! Elnarə xanım keçinəndən 50 dəqiqə sonra onun ölümü haqqında xəbər tutmuşuq. Məlumat da vermədilər, qapını qırıb içəri girmişik. Bundan sonra əlavə olaraq Klinik Xəstəxanadan kardeoloji həkim briqadası, anestzioloqu özüm çağırdım. Söhbət təcrübəsizlikdən, işini bilməməzlikdən getmir. İnsanın vicdanı necə rahat olar ki, bir ananın ölümünə bais olduqdan sonra, ölkənin baş anestezioloqu səbəbi açıqladıqdan, yəni başlıca günahkarın anestezioloq olması təsdiqləndikdən sonra, Firuz İbrahimov törətdiyi faciənin ağırlığını dərk etmək əvəzinə özünü müdafiə etmək üçün həyasızcasına böhtan atırsa, mən belə insanın varlığını təsəvvür etmirəm. Sabah bir daha Baş prokurora, səhiyyə nazirinə müraciət edəcəyəm. Əgər bu adam indi də fəxrlə açıqlama verirsə ki, mən 1 saylı xəstəxanada işləyirəm. Onun hələ də fəaliyyət göstərməsinə Oqtay Şirəliyev məsuliyyət daşıyır. Çünki Səhiyyə Nazirliyi baş ekspertinin sübut etdiyi faktı danan adam hələ də anestezioloq kimi fəaliyyət göstərir. Bu adam daha betər qətllərə səbəb olmadan ona mane olunmalıdır”.
Qeyd edək ki, APA-ya açıqlamasında E.Toqfiqqızının əməliyyatında iştirak edən anesteziloq Firuz İbrahimov deyib ki, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən ekspertizanın rəyi tamamilə səhvdir və onu qəbul etmir.
“Elnarə Tofiqqizinin ölümünün səbəbi birbaşa ürək fəaliyyətinin dayanması ilə əlaqədardır. Ürək fəaliyyətinin bərpası ilə dörd saat məşğul olmuşam. Orda ağciyərin funksiyasının dayanmasından söhbət gedə bilməz. Ürək fəaliyyəti qəflətən dayanıb, xəstənin çəkisi həddindən artıq çox olduğuna görə onu həyata qaytara bilmədik. Əməliyyata kardio briqada və başqa anestezioloqlar da gəldi, lakin ürək fəaliyyətinin bərpa edə bilmədik”.
F. İbrahimov ekspertizanın düzgün aparılmadığını, ekspert rəyində ağciyər arteriyasını trombemboliyasının müayinəsinin həyata keçirilmədiyi bildirib: “Ekspert rəyində qeyd edilib ki, ağciyərin yuxarı payı havalıdır, aşağı payları isə atelektatik . Ağciyərin əgər yuxarı payında hava varsa, bu xəstənin tənəffüsünə kifayət edir və aydın olur ki, xəstənin ölümünə kəskin tənəffüs çatışmazlığı səbəb olmayıb. Bu səbəblərə görə ekspertizanın rəyi ilə razı deyiləm və ekspertizanın rəyini tamamilə səhv hesab edirəm. Ekspertizada ürək fəaliyyətinin tıxanmasının nədən olması araşdırmalıdır. Bu, ya trombemboliyadandır ya da piy emoboliyasından”. F. İbrahimov, E. Tofiqqızının ölümü ilə bağlı dəfələrlə istintaqa çağırıldığını və ifadəsinin alındığını qeyd edib: “Peşə fəaliyyətimdə birinci dəfə idi ki, belə bir hal ilə qarşılaşırdım. Mənim xəstələrimdən hələ ölən olmayıb və Elnarə Tofiqqızından qat-qat ağır xəstələri həyata qaytarmışam”.
Anastezioloq “Medi Sina” klinikası ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb: “Artıq həmin klinika ilə əməkdaşlıq etmirəm. Hazırda anestezioloq kimi fəaliyyətimi 1 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirirəm”.
Gülşən Raufqızı