
36 ölkənin ictimai yayımçıları 59-cu “Eurovision” Mahnı Müsabiqəsindəı iştirak etməyi təsdiqləyib. Yunanıstanın yeni ictimai teleradio yayımçısı Nerit öz sələfinin bağlanmasından sonra yarışmada iştirakını davam etdirərkən, Polşa və Portuqaliya da 2014-cü il də yarışmaya qayıtmağı qərara alıb.
Modern.az xəbər verir ki, bu il 59-cu Eurovision Mahnı Müsabiqəsində iştirak edəcək ölkələr bunlardır:
Albaniya, Ermənistan, Avstriya, Azərbaycan, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ukrayna.
Daha bir ölkə yarışmaya qatıla bilər. Belə ki, Sloveniya üçün vaxt daha 10 gün uzadılıb ki, onlar son qərar qəbul etsinlər. Fransa, Almaniya, İtaliya, İspaniya və ev sahibliyi edəcək Danimarka avtomatik olaraq Mahnı Müsabiqəsinin final mərhələsində, qalan 30 ölkə isə yarımfinallarda çıxış edəcəklər. Hər yarım finaldan 10 ölkə finala vəsiqə qazanacaq. “Eurovision-2014” Mahnı Müsabiqəsi Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunacaq. Mayın 6 və 8-də yarımfinallar, mayın 10-da isə yarışmanın final mərhələsi keçiriləcək.
Aytən ƏLİYEVA