Modern.az

Bakıda yanacaqdoldurma məntəqəsi partlayıb, 2 nəfər ölüb-FOTOLAR

Bakıda yanacaqdoldurma məntəqəsi partlayıb, 2 nəfər ölüb-FOTOLAR

Təhsil

13 Fevral 2014, 16:48


Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı yanacaqdoldurma stansiyasında partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.

Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, hadisə saat 16:20-də baş verib. Hadisə yerinə Stansiyanın həkim briqadaları cəlb olunub.

Şahidlərinin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb.

BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış "LUKOIL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verib.

Stansiyadan həmçinin bildiriblər ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

LUKOIL-ın Bakıdakı ofisindən Trend-ə verilən məlumata görə, hazırda şirkətin mütəxəssisləri hadisə yerindədirlər və partlayışın başvermə səbəbini araşdırırlar.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış nəticəsində yaxınlıqdakı "Mitsubishi" markalı avtomobilə də ziyan dəyib.

Məlumata görə, LUKOIL-a məxsus həmin yanacaqdoldurma məntəqəsi təmirdən sonra istifadəyə verilməyə hazırlanırmış.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralı 1986-cı il təvəllüdlü kişidir. Hazırda yaralının vəziyyəti kafi qiymətləndirilir.

FHN-in hadisə yerində olan əməkdaşlarının Trend-ə bildirdiyinə görə, hadisə zamanı iki nəfər ölüb. Onlar Orucov Şamxal və İmamverdiyev Həsrətdir.

Ölənlər məntəqədə aparılan son tamamlama işlərində çalışan şəxslər olub.

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı