Bəyanatda deyilir ki, 23 may 2010-cu il tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş «parlament seçkiləri»nin davam etməkdə olan sülh prosesinə mənfi təsir edəcəyi ilə bağlı beynəlxalq tərəfdaşlarının narahatlığını bölüşür:
«Ermənistan Respublikası tərəfindən onun anneksiya siyasətini və Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün növbəti cəhdi tam və qaçılmaz uğursuzluqla nəticələndi. Ermənistan tərəfi, öz əməlləri ilə heç kəsi yox, yalnız öz ictimaiyyətini aldadır. Avropa Parlamentinin Aİ-nin Cənubi Qafqaz üçün Strategiyasına ehtiyac ilə bağlı yenicə qəbul etdiyi məruzədə də qeyd edildiyi kimi, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətdən yaxşı xəbərdardır».
XİN bildirir ki, Azərbaycan bir daha Ermənistan tərəfini öz destruktiv siyasətini dayandırmağa və dəyərli vaxtını israf etmək əvəzinə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən tez və davamlı həllini tapmaq məqsədilə xoş məramla danışıqlar aparmaga çağırır.
ATƏT-in Minsk qrupunun həmsədrləri də mayın 24-də Dağlıq Qarabağda keçirilən qondarma “parlament seçkisi” ilə əlaqədar bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir ki, Minsk qrupunun həmsədrləri- Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) mayın 23-də Dağlıq Qarabağda keçirilən “parlament seçkisini” diqqətə alıblar. Həmsədrlər Qarabağın de-fakto hakimiyyətinin bu yolla əhalisinin demokratik həyatını təmin etmək istəyini başa düşsələr də, bir daha qeyd edirlər ki, Dağlıq Qarabağı, Ermənistan da daxil olmaqla, heç bir tərəf müstəqil və suveren dövlət kimi tanımayıb. Həmsədrlər hesab edirlər ki, bu hadisə sülh yolu ilə nizamlanma çərçivəsində Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi prosesinə mane olmamalıdır.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko da ayrıca şərhlə çıxış edib. Nazirliyin internet saytında yerləşdirilmiş şərhdə bildirilir ki, Rusiya başqa beynəlxalq hüquq normaları kimi Azərbaycanın ərazi bütövlüyünü də müdafiə edir: «Məlum olduğu kimi biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Hesab edirik ki, Qarabağın gələcək statusu gücdən istifadə olunmadan, Minsk Qrupu çərçivəsində və bütün tərəflərin iştirakı ilə aparılmış sülh danışıqları vasitəsilə müəyyən edilməlidir» .