Azərbaycan prezidenti başqa olmaqla ölkə rəhbəriyi adından tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Süleyman Bayram oğlu Tatlıyevin ölümü ilə əlaqədar nekroloq yayılıb. Nekroloqda deyilir:
Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Süleyman Bayram oğlu Tatlıyev 2014-cü il martın 9-da ömrünün 90-cı ilində vəfat edib.
Süleyman Tatlıyev 1925-ci il fevral ayının 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Orta məktəbin yuxarı sinfində oxuyarkən 1943-cü ildə hərbi xidmətə çağırılıb. Cəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq, Qazax şəhər orta məktəbini bitirib və 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1951-ci ildən etibarən Rusiya Federasiyasının Qroznı şəhərindəki yeni neftayırma zavodunda mühəndis kimi başlayan Süleyman Tatlıyev 1956–1961-ci illərdə Sumqayıt sintetik kauçuk zavodunda məsul vəzifələr tutub, 1961–1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının kimya sənayesi idarəsində şöbə müdiri, 1963–1965-ci illərdə isə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində neft-kimya şöbəsi müdirinin müavini və Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi Zaqafqaziya Bürosunun inspektoru olub.
Süleyman Tatlıyev 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Kimya sənayesi idarəsinin rəisi, 1970–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində İşlər müdiri, 1978–1985-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini işləyib. O, 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilərək, 1989-cu ilədək həmin vəzifədə çalışıb. Süleyman Tatlıyev 1994-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti idi.
Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən Süleyman Tatlıyev dövlət idarəçiliyinin və iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə çalışıb, respublikanın sənaye potensialının gücləndirilməsinə və neft-kimya sənayesinin inkişafına töhfələr verib. Harada işləməsindən asılı olmayaraq o, daim özünün yüksək peşəkarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilib həmkarları arasında dərin nüfuz qazanıb. Süleyman Tatlıyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə var qüvvəsini sərf edib. Ölkənin beynəlxalq ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində və qazandığı nailiyyətlərin təbliğində onun xidmətləri təqdirəlayiqdir.
Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı Süleyman Tatlıyev bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib.
Süleyman Tatlıyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeninə layiq görülüb.
Tanınmış ictimai-siyasi və dövlət xadimi, təvazökar və səmimi insan Süleyman Bayram oğlu Tatlıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Şahin Mustafayev
Natiq Əliyev
Rövnəq Abdullayev
Ziya Yusifzadə
Məhərrəm Quliyev
Dadaş Rzayev
Niyaz Əlizadə