“Facebook” sosial şəbəkəsində “Azadlıq” meydanında aksiya keçirilməsi məqsədilə “Qanunsuzluqlara bəsdir de, haqqını tələb et” adlı “event” yaradılıb. İndiki nəticəyə görə, aksiyada 742 nəfər iştirak edəcək. Aksiyanın martın 15-də saat 16:00-da keçirilməsi planlaşdırılır.
Mitinqin keçirilməsinə səbəb şəhərin Yasamal rayonu ərazisində (“Sovetski”də) sökülən evlərə görə sakinlərə qane edəcək səviyyədə kompensasiyanın verilməməsi, metro keçidlərindən ticarət obyektlərinin yığışdırılması və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahının sökülməsidir.
Aparıcı müxalifət partiyaları həmin aksiyadan ətraflı məlumatlı olmadıqlarını bildiriblər. Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas Modern.az-a deyib ki, məlumatı yalnız mətbuat səviyyəsindədir: “Yəqin ki, dəstək verməyəcəyik. Çünki aksiyanın təşkilatçılarını tanımırıq. Təşkilatçılarını tanımadığımız aksiyaya necə dəstək verə bilərik?!”.
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da aksiya haqda məlumatı olmadığını qeyd edib: “Sosial şəbəkədən məlumat əldə etmişəm. Aksiyanın təşkilatçılarını tanımırıq. İştirakla bağlı partiyanın qərarı olmalıdır. Əslində, bu, müzakirə mövzusu da deyil.Ümumiyyətlə, AXCP birmənalı olaraq, bütün vətəndaşların hüquq və azadlıqların müdafiəsi istiqamətində keçirilən bütün aksiyaları dəstəkləyir”.
İlkin PİRƏLİ