Əziz Mirəhmədovun «Azərbaycan jurnalistləri və naşirləri» və «Əhməd bəy Ağaoğlu» kitablarının təqdimatı keçiriləcək
Modern.az xəbər verir ki, sabah - martın 14-də saat 13.00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Əziz Mirəhmədovun «Azərbaycan jurnalistləri və naşirləri» və «Əhməd bəy Ağaoğlu» kitablarının təqdimatı keçiriləcək. Toplantıda MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış elm və ictimaiyyət xadimləri iştirak edəcəklər.
Qeyd edək ki, «Azərbaycan jurnalistləri və naşirləri» ensiklopedik toplu kimi mərhum alimin 1940-cı illərdən 2000-ci ilin sonuna qədərki axtarışlarının və gərgin əməyinin bəhrəsidir. Kitabda Azərbaycanın XIX və XX əsrlərdə yaşamış 500 nəfərədək yazıçı, jurnalist və naşirinin fəaliyyətindən söz açılıb. Adından da göründüyü kimi, Ə.Mirəhmədovun «Əhməd bəy Ağaoğlu» kitabı yeni dövr Azərbaycan tarixinin qeyri-adi taleli böyük şəxsiyyətlərindən biri olan Əhməd bəy Ağaoğlunun ömür yoluna həsr edilib. Monoqrafiyada böyük mütəfəkkirin jurnalistika, siyasət, ictimai fikir, tənqid, bədii ədəbiyyat, elm sahələrində göstərdiyi çoxcəhətli, mürəkkəb, səmərəli fəaliyyətinə nəzər salınıb.
Qeyd edək ki, tanınmış ədəbiyyatşünas, tənqidçi Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci ildə Bakı şəhərində anadan olub. O, 18 kitabın, 500-dən artıq elmi məqalənin müəllifidir. Böyük alimin “M.F.Axundov” (1953), “Abdulla Şaiq” (1956), “Sabir” (1958), “Məhəmməd Hadi” (1962 və 1981), “Azərbaycan Molla Nəsrəddini” (1980), “Satirik gülüşün qüdrəti” (1981), “Ağlar güləyən” (1989) monoqrafiyaları, “XX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişafına dair”, “Zakir və XIX əsr Azərbaycan satirası”, “XX əsrin əvvəllərində ədəbi hərəkat: tənqidi realizm” və s. sanballı məqalələri ədəbiyyat tariximizin öyrənilməsində ən etibarlı mənbələrdəndir. Ə.Mirəhmədov 2002-ci ildə dünyasını dəyişib.
Modern.az