“Son illər Azərbaycanda, xüsusilə də Bakıda sürətli inkişaf var. Ancaq bu inkişaf bəzən yaşıllıqlara mənfi təsir göstərir”.
Modern.az xəbər verir ki, bu fikirləri millət vəkili Fuad Muradov “Yaşıllıqların mühafizəsi haqqında” haqqında qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O, bildirib ki, son illər Azərbaycanda inkişaf müsbət dəyərləndirilsə də sürətli inkişafın ekologiyaya mənfi təsiri müşahidə olunur. Onun sözlərinə görə, bu məsələlərə güclü nəzarət olunmalıdır. “Təbii ki, bura ilk növbədə tikintini aid etmək olar. Son illər Azərbaycanda, xüsusilə də Bakıda göydələnlər tikilir. Düzdür, bunlar təqdirəlayiq haldır. Amma həmin göydələnlərin ətrafında standartlara uyğun yaşıllıq zolağı salınıb, insanların istifadəsinə verilirmi? Verilmir. Məsələ ilə bağlı xüsusi yanaşma olmalıdır. Hesab edirəm ki, yaşıllıqların salınması, onların qorunması ilə bağlı Dövlət Proqramının qəbuluna ehtiyac duyulur".
Deputat bildirib ki, hazırda Tehran dünyanın ən çirkli şəhəri hesab olunur: "Vaxtilə burada yaşıllıqlar olub. Amma orada tikilən binalar zamanı yaşıllıqlara nəzərə alınmayıb. Ona görə də Tehran dünyanın ən çirkli şəhərinə çevrilib”.
deputat Bakının çirkli şəhərinə çevrilməməsi üçün mütləq Dövlət Proqramına ehtiyac olduğunu söyləyib: "Bizdə yaşıllıqların qorunması məsələsi bir neçə dövlət qurumunun üzərindədir. Burada səlahiyyət və məsuliyyət məsələsi qarışdırlır. Odur ki, müzakirəyə çıxarılan sənəddə bu məsələlər konkretləşdirilməlidir".
Modern.az